Bakı. İlhamə İsabalayeva - Trend:
Ötən gecə qar örtüyünün hündürlüyü Ağdərədə 19, Altıağacda 14, Sarıbaşda 12, Qubada 11, Şahdağda 10, Qusarda, Xınalıqda 7, Qrızda 6, Mərəzədə 3, İsmayıllıda 1 sm təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, fevralın 18-i axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, əsasən şimal və şərq rayonlarında yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb.
Bakıda və Abşeron yarımadasında fevralın 18-i axşam saatlarından başlayan yağış fevralın 19-da sulu qara keçib, düşən yağıntının miqdarı 5 mm təşkil edib, bu da aylıq normanın 24 faizidir. Lənkəran-Astara zonasında yağıntının miqdarı 6 mm-dək, Mərkəzi-Aran rayonlarında 4 mm-dək, Böyük Qafqazda 11 mm-dək olub.
Fevralın 18-də şimal-qərb küləyinin sürəti bəzi rayonlarda arabir 22-30 m/s olub, Bakıda və Abşeron yarımadasında arabir 15-20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4 metrə çatıb.
Havanın temperaturu 6-10 dərəcə aşağı enib, minimal temperatur Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Aran rayonlarında 2-5 dərəcə isti, dağlıq rayonlarda 0-5, yüksək dağlıq ərazilərdə 7-12, Naxçıvan MR-də 0-3 dərəcə şaxta təşkil edib.