Bakı. Trend:
Ermənistan silahlı qüvvələrinin cari ilin iyulunda iriçaplı silahlardan və ağır artilleriya qurğularından istifadə etməklə Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə bildiriblər ki, hər zaman xalqının yanında olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu dəfə də vətəndaşlarımızın taleyinə dərhal xüsusi diqqət göstərdi. Avqustun 6-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan silahlı qüvvələrinin intensiv atəşə tutması nəticəsində Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə bir milyon manat məbləğində vəsait ayrıldı.
Sərəncamdan irəli gələn aidiyyəti məsələlərin icrası məqsədilə FHN tərəfindən dərhal müvafiq tədbirlərə başlanılıb. Belə ki, yuxarıda göstərilən yaşayış məntəqələrində, ilk növbədə, artilleriya atəşi nəticəsində qəzalı vəziyyətə düşmüş evlərin mütəxəssislərin rəyinə əsasən söküntüsünə, işlərin normal həyata keçirilməsinin təmin edilməsi üçün ərazinin təmizlənməsinə, habelə təmir-bərpa işlərinə başlanılıb. İşlərin qısa müddətdə tamamlanması nəzərdə tutulur və bu məqsədlə əraziyə kifayət qədər texnika və işçi qüvvəsi cəlb olunub.
Sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkürlərini bildirirlər.