...

Vətəndaşlara qarşı külli miqdarda dələduzluq edən şəxsin cinayət işi məhkəməyə göndərildi

Gündəm Materials 26 Avqust 2020 17:46 (UTC +04:00)
Vətəndaşlara qarşı külli miqdarda dələduzluq edən şəxsin cinayət işi məhkəməyə göndərildi

Bakı. Samir Əli - Trend:

Etibardan sui-istifadə edərək qanunsuz gəlir əldə etmək məqsədi ilə vətəndaşlarla dövlət arasında mövcud olan hüquqi münasibətlərə ziyan vuran və bununla da, dövlət qurumlarının şəffaf fəaliyyətinə kölgə salan şəxslərin ifşa edilərək, məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən ardıcıl və qətiyyətli tədbirlər davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, belə tədbirlərdən biri kimi, Emil Əmiraslanovun bir neçə vətəndaşa məxsus pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməsi barədə Baş Prokurorluğunun “Çağrı Mərkəzi”nə daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılaraq, 8 iyun 2020-ci il tarixdə toplanmış material əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Emil Əmiraslanovun Bakı Humanitar Kollecində prorektor vəzifəsinə təyin etmək vədi ilə 20 min manat, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin İsmayıllı rayon Yanğından Mühafizə İdarəsinə işə düzəltmək vədi ilə 12 min manat, barəsində həbs qətimkan tədbiri seçilmiş şəxsi həbsdən azad edilməsində köməklik göstərmək vədi ilə 20 min manat məbləğdə pul vəsaitini ayrı-ayrı vətəndaşlardan qəbul etməklə, təkrarən dələduzluq etməsinə, eləcə də, vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

Emil Əmiraslanov 14 avqust 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona qeyd edilən maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, məhkəmənin eyni tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılmaqla 26 avqust 2020-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti