...

ABŞ dövlət katibi Azərbaycan və Orta Asiya ölkələrinin birgə təşkil etdiyi Novruz tədbirinə qatılıb (FOTO)

Gündəm Materials 20 Mart 2021 08:18
ABŞ dövlət katibi Azərbaycan və Orta Asiya ölkələrinin birgə təşkil etdiyi Novruz tədbirinə qatılıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Martın 19-u ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Əfqanıstan səfirliklərinin birgə təşkilatçılığı, Meridian Beynəlxalq Mərkəzi (Meridian International Center) və Mərkəzi Asiya Məsələləri üzrə Oksus Cəmiyyətinin (Oxus Society) moderatorluğu ilə Novruz bayramına həsr edilmiş onlayn tədbir keçirilib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə yüksək səviyyəli qonaqlar qismində ABŞ Dövlət katibi Entoni Blinken, Dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Mətyü Lussenhop, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Qreqori Miks, ABŞ Milli Qvardiyasının rəhbərinin müavini general-leytenant Mark Sassevil Novruz bayramı ilə əlaqədar təbrik mesajlarını çatdırıblar.

Dövlət katibiEntoni Blinken çıxışı zamanı Novruz bayramının bir çox ABŞ vətəndaşları tərəfindən hər il qeyd edildiyini, min illər tarixi olan bu bayramın tədbiri təşkil edən ölkələrin xalqları ilə ABŞ xalqını birləşdirdiyini vurğuladı. Novruzun yeni başlanğıc, yeni imkanlar və ABŞ-la tədbiri təşkil edən bütün ölkələr arasında yeni əməkdaşlıq üçün ümid olduğunu diqqətə çatdırdı.

Dövlət katibinin köməkçisi vəzifələrini icra edən Mətyü Lussenhop çıxışı zamanı Novruzun birgə dəyərlərin və mədəni zənginliyin gözəl nümunəsi olduğunu bildirdi. Ölkələrimizin mədəni irsi və ABŞ-la tərəfdaşlığına böyük qiymət verdiyini qeyd etdi. ABŞ-la sözügedən ölkələr arasında yenilənmiş və davamlı tərəfdaşlıq istiqamətində çalışacaqlarını vurğuladı.

ABŞ Konqresində Xarici İşlər Komitəsinin sədri Qreqori Miks baharın ilk günü hesab edilən Novruzun son 3000 il ərzində qeyd edildiyini diqqətə çatdırdı. Hal-hazırda, 300 milyondan çox insanın təmtəraqla qarşıladığı bu bayramın, birgə məram və məqsəd üçün çalışmağın əhəmiyyətini xatırlatdığını qeyd etdi. Birgə olmağımızın bizi gücləndirdiyini vurğuladı. ABŞ-ın bugünki tədbiri təşkil edən bütün ölkələrlə tərəfdaşlığın gücləndirilməsində maraqlı olduğunu bildirdi.

ABŞ Milli Qvardiyasının rəhbərinin müavini general-leytenant Mark Saasevil tədbiri təşkil edən ölkələrlə Milli Qvardiyanın tərəfdaşlıq proqramları çərçivəsində genişmiqyaslı əməkdaşlıq həyata keçirildiyini, ABŞ-ın bu ölkələrdə sülh, əminamanlıq və təhlükəsizliyin dəstəklənməsində maraqlı olduğunu vurğuladı. Novruz bayramı ilə qarşılıqlı inam, hörmət və əməkdaşlıq üçün yeni ümidlər yarandığı diqqətə çatdırıldı.

Tədbirdə ABŞ-Azərbaycan Ticarət Palatasının direktoru, Amerika-Özbəkistan Ticarət Palatasının rəhbəri, Əfqanıstan, Qırğızıstan, Tacikistan, Qazaxıstan biznes şuralarının və ticarət palatalarının rəhbərləri, eləcə də ABŞ Ticarət Palatasının vitse-prezidenti çıxış edərək, ABŞ-la iqtisadi və ticarət əlaqələrinin inkişafının, ABŞ investisiyalarının cəlb edilməsinin əhəmiyyətindən bəhs etdilər.

Daha sonra, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Əfqanıstan səfirləri çıxış edərək Novruz bayramı ilə bağlı təbrik mesajlarını çatdırdılar.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Novruz bayramının yenilənmə zamanı olduğu, neqativ fikirlərdən və auradan azad olmaq üçün fürsət təşkil etdiyini diqqətə çatdırdı. Novruz bayramının Azərbaycan üçün ən əhəmiyyətli bayramlardan olduğunu, Orta Asiya və Əfqanıstan ilə həyata keçirilən əməkdaşlıq layihələrinin dostluq və qardaşlıq münasibətlərimizin inkişafı baxımından vacib rol oynadığını vurğuladı. Bu layihələrə misal olaraq, Xəzər dənizində Türkmənistanla “Dostluq” yatağı üzrə əməkdaşlıq perspektivlərindən və Lapis Lazuli kimi kommunikasiya xəttlərindən bəhs etdi. Bu ilki Novruz bayramının ölkəmiz üçün unikal olduğu, Azərbaycanın ötən ilin sonunda işğal altında olan torpaqlarının azad edildiyini və bu il son 30 ildə ilk dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Novruz bayramını qeyd etdiyimizi diqqətə çatdırdı. Bölgəmizdə regional əməkdaşlıq üçün yeni reallıq və imkanlar yarandığı, Azərbaycanın Ermənistan da daxil olmaqla region ölkələri ilə sülh və əminamanlıq mühitində, daha da inteqrasiya olunmuş regionda yaşaması üçün şərait yarandığını vurğuladı.

Tədbir zamanı ölkələrin tarixini, mədəniyyətini və ənənələrini əks etdirən, Novruz bayramı münasibətilə hazırlanmış xüsusi video reportajlar yayımlandı. Bununla yanaşı, ölkələrin musiqi nümunələrindən parçalar qonaqların diqqətinə çatdırıldı. Azərbaycan Respublikasının tar ustası, əməkdar artist Vüsal İsgəndərzadə Azərbaycan musiqisinin gözəl bir nümunəsini ifa etdi.

Novruz tədbiri ABŞ-da yaşayan çoxsaylı icma nümayəndələri, ABŞ rəsmiləri izləmişdir. Tədbirdən sonra, ABŞ dövlət qurumlarına və rəsmi şəxslərinə tədbirin təşkilatçıları olan ölkələr tərəfindən birgə hazırlanmış ölkə mətbəxlərinin təamları və bayram azuqəsi göndərildi.

Tədbirin videosu ilə https://youtu.be/Wrf23KwrjKc internet səhifəsində tanış olmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti