Bakı. Trend:
İran İslam Respublikası son dövrlərdə Ermənistanla dövlət sərhədində baş verəcək hər hansı dəyişikliyə qarşı həssas olduğunu və istənilən yolla buna qarşı çıxacağını açıq şəkildə bildirir. Rəsmi Tehran Cənubi Qafqazda sülhün bərqərar olması üçün ön şərtlərdən biri hesab olunan kommunikasiyaların açılması ilə Zəngəzur Dəhlizinin fəaliyyətə başlamasına qarşı çıxmaqdadır. Görünür İranın elit çevrələri Azərbaycanın Ermənistan üzərində haqlı tələblərini məqsədyönlü şəkildə sərhədlərin dəyişdirilməsi kimi interpretasiya edərək, rəsmi İrəvanla yarı-qapalı və çirkli biznesini davam etdirməkdə israrlıdır. (İranın Ali Rəhbəri Əli Xamenei iki ölkə arasında sərhədin min illik kommunikasiya yolu olduğunu və sərhədinin bağlanmasına cəhd olarsa İranın buna qarşı çıxacağını bildirib).
O hansı min illik yoldur ? Nəyə görə bu yolun İran İslam Respublikası üçün həyati əhəmiyyət daşıdığı bəyan edilir?
İlk öncə statistik məlumatlara nəzər salmaq zəruridir. Çünki bugün İran İslam Respublikası dünyadakı qlobal narkotrafikin şah damarı hesab olunan marşrutun üzərində yerləşən hab funksiyasını yerinə yetirməyə davam etməkdədir. Əfqanıstandan başlayaraq cənub-şərqi Avropayadək uzanan və bəzən Baltik marşrutu olaraq adlandırılan bu xətt üzərində əsas keçid nöqtəsi İran hesab edilir. Bu, müxtəlif beynəlxalq təşkilatların apardığı təhlillər, eləcə də marşrut üzərində yerləşən ölkələrin aidiyyatı orqanlarının araşdırmaları nəticəsində gəlinən nəticədir. Həmçinin İran İslam Respublikasının müvafiq orqanlarının açıqladığı rəsmi statistik məlumatlar da bunu təsdiqləyir.
2020-ci ildə narkotik vasitələrin ən çox müsadirə edildiyi ölkə İrandır.
Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətlər Bürosunun (United Nations Office on Drugs and Crime) ən son 2018-ci ildə yayımladığı illik hesabatına əsasən, Əfqanıstanda istehsal olunan bütün növ opiatların təxminən 35-40%-ı İran üzərindən keçirilərək dünyanın müxtəlif məntəqələrinə çatdırılır. Bundan başqa adı çəkilən qurumun hazırladığı digər hesabatda isə, İranda dövlət orqanları tərəfindən ələ keçirilən narkotik vasitələrin 40%-ə yaxınının ölkə daxilində qaldığı vurğulanır. Nəticədə İranın narkomanları və Sepah qruplaşması rejimi gəlirlə təmin edərək ona daxili siyasi stabillik vermiş olur. Beləliklə, beynəlxalq təşkilatlar tərəfindən aparılan araşdırmalar həmçinin İran tərəfinin açıqladığı rəsmi statistik məlumatlar ölkənin qlobal narkotik tranzitində mühüm rol oynadığını ortaya çıxarır. Cənub qonşumuz ənənəvi narkotikdən başqa son on illikdə dövriyyəyə buraxılan və qiymətlərinin aşağı olması səbəbi ilə dünyada sürətlə yayılan sintetik tərkibli narkotikin, yəni “metamfetamin”-in də əsas paylanma mərkəzidir. 2019-cu ildə İran İslam Respublikasının hakimiyyət orqanları ölkənin metamfetamin bazarının böyük hissəsinin əfqan qaçaqmalçıları tərəfindən ələ keçirildiyini və İran ərazisindən digər bazarlara çıxmaq üçün tranzit olaraq istifadə edildiyini bildirib. Nəticədə İran xarici bazarlara daşınması üçün mühüm metamfetamin mərkəzi hesab olunur. Azərbaycanda da son illərdə istifadəsi sürətlə yayılan bu sintetik narkotik vasitə ilk dəfə məhz İranlı narko tacirlər vasitəsi ilə ölkəyə ayaq açdı.
Əfqanıstanın heroin (sol) əkini və metamfetamin (sağ) istehsalı aparılan əraziləri. Tünd rənglər əkin sahələrinin sıxlığını göstərir.
Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətlər Bürosunun 2021-ci ildə Əfqanıstanda vəziyyətlə bağlı hesabatında ölkənin heroin plantasiyaları və metamfetamin istehsalı mərkəzlərinin əsasən İran İslam Respublikası ilə sərhəddə və ya sərhədə yaxın ərazilərdə yerləşməsi vurğulanır. Həmçinin 2021-ci ilin may ayında Əfqanıstan hökuməti Taliban hərəkatı tərəfindən Əfqanıstan ərazisində metamfetamin emal müəssisələrinin sürətlə genişləndirildiyini və istehsal prosesinin İran İslam Respublikası ilə sərhəd olan əyalətlərdə həyata keçirildiyini bəyan etmişdir. Bunun əsas səbəbi əlbəttə ki, bazar prinsipləri baxımından logistika xərclərinin azaldılmasıdır. Beləki, İran İslam Respublikasının birbaşa nəzarəti altında “təhlükəsiz koridorun” təmin edilməsi Əfqanıstandakı istehsalçıları sərhədyanı ərazilərdə fəaliyyətini genişləndirməyə yardım edir.
İranın daxilində narkotrafik marşrutları.
Beynəxalq təşkilatların araşdırmalarına əsasən, əfqan mənşəli narkotik vasitələrinin İran İslam Respublikası üzərindən keçməklə Avropaya çatdırılması marşrutlarından biri də Ermənistan və Gürcüstandan keçməkdədir. Məhz bu səbəbdən İrandakı bəzi dəirələr tərəfindən İran-Ermənistan sərhədi “qırmızı xətt” və ya “min illik yol” adlandırılır. Qeyd edilən Əfqanıstan-İran-Qara Dəniz marşrutunun varlığını sübut edən bir sıra faktlar uzun müddətdir ki, ictimaiyyətə məlumdur. 2021-ci ilin iyul ayında Gürcüstan və Ukrayna Daxili İşlər Nazirliyinin birgə həyata keçirdiyi xüsusi beynəlxalq əməliyyat nəticəsində 368 kq heroin Ukrayna ərazisində ələ keçirildir. Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində külli miqdarda heroinin İran İslam Respublikasından Ermənistan və Gürcüstan üzərindən keçməklə Ukraynaya daşınması, oradan isə Mərkəzi Avropaya göndərilməsi planlaşdırıldığı məlum olub. Müxtəlif dövrlərdə yuxarıda adı çəkilən marşrut üzrə bu kimi onlarla külli miqdarda narkotik keçirilmə cəhdi aşkarlanıb.
Xüsusi əməliyyat nəticəsində İrandan Ukraynaya göndərilən narkotik vasitənin ələ keçirilməsi.
Məlumat üçün qeyd edək ki, İran-Qara Dəniz-Avropa marşrutu üzrə külli miqdarda narkotikin daşınması üçün müəyyən dövrlərdə Azərbaycan ərazisindən də istifadəyə cəhd edilib. Belə ki, 2019-cu ilin noyabr ayında müvafiq orqanlar tərəfindən Astara sərhəd keçid məntəqəsində Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukrayna Respublikasına daşınması planlaşdırılan ümumi çəkisi 933 kq-dan çox narkotik vasitə - heroin aşkarlanaraq ələ keçirilib.
Uzun illər ərzində Azərbaycanın vaxtı ilə işğal altında olan əraziləri də İranın bəzi dairələri tərəfindən tranzit marşrut kimi istifadə edilib. Qubadlı və Zəngilan ərazilərində İranın nəzarəti altında narkotik plantasiyalarının qurulması və Zəngilanla İran İslam Respublikası arasında narkokartellərin fəaliyyəti üçün gizli yeraltı tunelin çəkilməsi barəsində Azərbaycanın aidiyyatı orqanlarında kifayət qədər məlumat var. II Qarabağ müharibəsi ilə Azərbaycanın İranla sərhədlərini işğalçılardan təmizləməsi qeyri-qanuni marşrutun bağlanması ilə nəticələnib. Lakin İranla sərhədimizin digər sahələrində ölkəyə qaçaqmalçılıq yolu ilə keçirilmək istənən və müvafiq orqanlar tərəfindən ələ keçirilən heroinin həcmi əvvəlki illərlə müqayisədə iki dəfə artıb.
2021-ci ilin 20 sentyabr tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Biləsuvar gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Latviya Respublikasına "kimyəvi maddə və quruducu qatqı" yükü aparan İran İslam Respublikası vətəndaşının üzərindən 527 kq-dan çox narkotik vasitə - heroin aşkar edilib.
Dövlət Gömrük Komitəsi tərəfindən İrandan Latviyaya göndərilən narkotik vasitənin ələ keçirilməsi.
İran İslam Respublikasının gömrük və sərhəd xidmətlərinin nəzarətindən kənar Azərbaycan və Gürcüstan ərazilərinə külli miqdarda narkotik vasitənin daşınması qeyri mümkündür. Bu fəaliyyət İranda qurulmuş dini rejimin təhlükəsizlik qüvvəsi hesab edilən İslam İnqilabı Keşikçilər Korpusunun birbaşa nəzarəti altında həyata keçirilir. Sərhədlərin “təhlükəsizliyini qorumaq” adı altında hərbi təlimlər keçirənlərin ölkə sərhədlərində tüğyan edən iri həcmli narkotik ticarətindən məlumatsız olması real deyil. Azərbaycanla sərhədin uzun illər “boz zona” olaraq qalmış 130 km-lik hissəsinin rəsmi Bakının nəzarətinə keçməsi, İran-Ermənistan sərhədini İslam İnqilabı Keşikçilər Korpusu üçün həssas məsələyə çevirib. İranın müvafiq dairələri üçün Ermənistan-Gürcüstan-Qara Dəniz narkotrafikinin varlığını davam etdirməsi həyati əhəmiyyət kəsb edir. Buna görə də Qarabağ münaqişəsinin bitməsini özündə əks etdirən 10 noyabr sazişinə uyğun olaraq Zəngəzur Dəhlizinin maneəsiz keçid rejimində fəaliyyətə başlamasını rəsmi Tehran qırmızı xətt hesab edir. Təsadüfi deyil ki, bu ilin avqust ayında Rusiya Federal Təhlükəsizlik Xidmətinin İran-Ermənistan sərhədinin təhlükəsizliyini təmin edən Sərhəd Mühafizə İdarəsi tərəfindən Mehri-Əkərək bölgəsində yeni nəzarət buraxılış məntəqələri qurulub. FTX-nin Sərhəd Mühafizə İdarəsindən verilən məlumata əsasən, son zamanlarda Ermənistan-İran sərhədində narkotik və psixotrop maddələrin (həşiş, metamfetamin, heroin) qanunsuz keçirilməsi cəhdlərinin artması ilə əlaqədar olaraq gərgin əməliyyat şəraiti yaranıb və analoji qərar qəbul edilib. Bundan başqa ekstremist və terror təşkilatlarının nümayəndələri tərəfindən dövlət sərhədinin pozulması hallarının da qeydə alındığı bildirilir. FTX-nin Sərhəd Mühafizə İdarəsinin məlumatında 2021-ci ildə Mehri sərhəd dəstəsinin yerləşdiyi ərazidə Rusiya sərhədçiləri tərəfindən İrandan qanunsuz olaraq gələn iki silahlının silah, qumbara və külli miqdarda silah-sursatla saxlandığı qeyd edilir. Göründüyü kimi, İran öz məqsədlərinə çatmaq üçün hətta “sevimli” dostu və müttəfiqi olan Ermənistanın da üstündən keçməyə qadirdir.
Beləliklə İran İslam Respublikası və Ermənistan Respublikasının müvafiq gömrük xidmətlərinin sistemli əsaslarla cinayətkar bizneslə məşğul olduğu aydın olur.
İran İslam Respublikası ona qarşı tətbiq edilən beynəlxalq sanksiyaları bəhanə edərək qeyri-qanuni şəkildə narkotiklərin istehsalı və tranzitindən hər il milyardlarla ABŞ dolları həcmində “çirkli” pul əldə etməkdədir. Ortaya çıxan mənzərə Tehranla İrəvanın Zəngəzur Dəhlizi mövzusuna göstərdikləri reaksiyaların səbəblərinə işıq salır. Məhz bu səbəbdən “min illik kommunikasiya yolu” adı altında narkotrafik marşrutları nəzərdə tutulur. Zəngəzur Dəhlizinin açılmasını İranın bəzi dairələri narkotrafikin bağlanması və iri həcmli maliyyə vəsaitinin itirilməsi olaraq başa düşür. Bir sözlə desək, İran İslam Respublikası regional sülh və əməkdaşlığı dəstəkləmək əvəzinə milyonlarla insanı zəhərləyən çirkli biznesinə davam edir. Ermənistanın Fransa və Qərbdəki digər himayədarları İran-Ermənistan sərhədindən davam edən narkotik ticarətindən xəbərdardır. Fransa Senatı və Hindistan hökuməti hər iki ölkənin Ermənistana satacağı silahların narkotiklərin qanunsuz dövriyyəsindən əldə edilən gəlirlərlə ödəniləcəyini yaxşı bilir.