Bakı. Trend:
Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur. 2 fevral tarixinin Gənclər Günü kimi elan olunması daim gənclərə diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həllinə xüsusi diqqət göstərən ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəməyib. Bu gün Azərbaycanın gənclər siyasəti dünya miqyasında bir nümunəyə çevrilib.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qaydışından sonra ən çox diqqət verilən sahələrdən biri Azərbaycan gəncliyi və onun qarşılaşdığı problemlər idi.
“Müstəqilliyimizin ilk dövründə dövlətçiliyimiz kimi, Azərbaycan gəncliyi də ciddi təhlükələrlə qarşı-qarşıya qalmışdı. Müxtəlif siyasi qüvvələr gənclərimizdən öz məkirli niyyətlərini həyata keçirmək üçün istifadə etməyə çalışırdı, gənclər siyasi oyunlara cəlb edilirdi, onların vətənpərvər ruhda yetişdirilməsi, təhsilnin düzgün təşkili, problemlərinin həlli istiqamətində hər hansı bir tədbir görülmürdü. Məhz ulu öndərin hakimiyyətə ikinci dəfə gəlişindən sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı”, - deyə deputat bildirib.
O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi, gənclərin problemlərinin həlli, onların təhsilinin təşkili istiqamətində ciddi tədbirlər görülməyə başladı.
“Ölkə gəncləri onlara gödtərilən diqqət və qayğını daim öz üzərində hiss edirdilər. 1996-cı ilin 2 fevral tarixində məhz ulu öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlandı”, - deyə deputat əlavə edib.
A.Həsənova vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirilməyə başlandı. “Artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi.
Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. O, vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir”, - deyə A.Həsənova qeyd edib.
O bildirib ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin
siyasətini uğurla davam etdirərək gənclər siyasətini yeni müstəviyə
çıxardı, gənclərin problemlərinin həlli, onların fərdi
inkişaflarının təmin edilməsi istiqamətində yeni konsepsiyalar
ortaya qoyuldu.
“Azərbaycan gənclərinin İnkişaf Strategiyası, Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramları,
Gənclər Fondunun yaradılması və digər bu kimi tədbirlər
gənclərimizin inkişafı və vətənpərvər ruhda yetişdirilməsi
istiqamətində çox önəmli addımlar idi. Azərbaycanın gənclər
siyasəti dünya miqyasında bir nümunəyə çevrilib”, deyə A.Həsənova
əlavə edib.
Deputat vurğulayıb ki, Azərbaycanda aparılan bu nümunəvi gənclər siyasəti öz bəhrəsini layiqincə verib. “Prezident İlham Əliyevin rəhbərliyi və apardığı düzgün siyasi kurs nəticəsində Vətən müharibəsində tarixi qələbə qazanan gənc nəsil formalaşdı. Son 18 ildə formalaşan Azərbaycanın gəncləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğala son qoydu.
Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayr, bu siyasətin icrasında daim onun yanındadır”, - deyə deputat əlavə edib.