Bakı. Trend:
Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı yekunlaşdırılan qanunsuz silahlı birləşmə yaradılması istiqamətində fəaliyyət göstərmiş bir qrup şəxsin barəsində cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə baxışına verilib.
Trend xəbər verir ki, cinayət işi üzrə Azərbaycan Respublikası vətəndaşları H.Ə.Həsənov, N.N.Mehdiyev və Ş.A.Qasımov Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 28,279.1-1 (dini radikalizm zəminində qanunsuz silahlı birləşmə yaratma) E.N.Ağayev, A.A.Ağayev və D.Y.Hüseynov isə Cinayət Məcəlləsinin 28,279.1-1 və digər maddələri ilə ittiham olunur.
İş materiallarına əsasən xarici təşkilatın nümayəndələrinin tapşırığı ilə H.Ə.Həsənov N.N.Mehdiyev və Ş.A.Qasımovun köməkliyi ilə dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq verməklə casusluq formasında dövlətə xəyanət etmiş, eləcədə həmin tapşırıqlara uyğun olaraq onlar digər təqsirləndirilən şəxslərlə qabaqcadan sövdələşərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmayan gizli silahlı birləşmələr və qruplar yaratmağa və fəaliyyətində iştirak etməyə hazırlıq hərəkətləri ediblər.