Bakı.Trend:
Son zamanlar sosial şəbəkələrdə müzakirə olunan 5.53 məlumatverici yol nişanı ilə bağlı diqqətə çatdırmaq istərdim ki, bu nişanla təchiz edilmiş yolayrıclarında nəqliyyat vasitələrinin davamlı şəkildə sağa dönməsinə icazə verilir.
Bunu Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin Təhlükəsizliyinin Təbliği Şöbəsinin rəisi, polis polkovnik leytenantı Rövşən Tağıyev deyib.
O, bildirib ki, sözügedən yol nişanı hərəkətin fasiləsizliyinin təmin edilməsi, süni tıxacların qarşısının alınması və yolun buraxıcılıq qabiliyyətinin artırılması məqsədi ilə tətbiq olunur.
“Eyni zamanda xüsusi olaraq vurğulanmalıdır ki, 5.53 yol nişanı sürücüyə üstünlük hüququ vermir. Bu nişanın mövcudluğu sağa dönən sürücünü digər yol hərəkəti iştirakçıları qarşısında məsuliyyətdən azad etmir və diqqətli davranmaq öhdəliyini aradan qaldırmır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, 5.53 nişanı tətbiq edilmiş yolayrıcında sağa dönən sürücü yolayrıcına digər istiqamətlərdən hərəkət edən nəqliyyat vasitələrinə, eləcə də dönmə zamanı hərəkətinə icazə verilmiş piyadalara mütləq şəkildə yol verməlidir. Bu tələblərə riayət olunması yolayrıclarında qəza riskinin azaldılmasına və ümumi hərəkətin təhlükəsizliyinin təmin edilməsinə xidmət edir”.
Qurum rəsmisi əlavə edib ki, yol nişanlarının düzgün anlaşılması və onların tələblərinə əməl edilməsi yollarda qarşılıqlı hörmətin, nizamlı hərəkətin və ən əsası insan həyatının qorunmasının əsas şərtlərindən biridir.
