Bakı. Trend:
“Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasının monitorinqi və hesabatlılıq modulu” formalaşdırılacaq.
Trend-in məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (bundan sonra – Mərkəz) Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasının monitorinqi və hesabatlılıq modulu”nun (bundan sonra – Modul) Mərkəz tərəfindən hazırlanmış Vahid Elektron Hesabatlılıq Portalı çərçivəsində formalaşdırılmasını 2 ay müddətində təmin etməli və növbəti ildən Tədbirlər Planının monitorinqini və qiymətləndirilməsini Modul üzərindən həyata keçirməlidir.
Mərkəz Milli Fəaliyyət Planında qeyd olunmuş tədbirlərlə bağlı icraçı orqanlar (qurumlar), iqtisadi rayonlar, şəhər və rayonlar, icra müddətləri üzrə məlumatları və digər zəruri göstəriciləri təsnifatlandırmaqla, mövcud vəziyyət barədə informasiyaları təmin edən sistemdə hesabatlılığa imkan verən müvafiq bölmələrin Modulda yaradılmasını təmin etməlidir.
Mərkəz Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticəsi barədə məlumatları 2027-ci ildən başlayaraq, ildə bir dəfə, hər il aprelin 30-dək Nazirlər Kabinetinə təqdim etməlidir.
Mərkəz Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının qiymətləndirilməsinin nəticəsi barədə məlumatları 2029-cu il iyunun 30-dək Nazirlər Kabinetinə təqdim etməlidir.
Mərkəz Modulun yaradılması və Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin və qiymətləndirilməsinin aparılması xərclərini Mərkəzin növbəti illər üçün büdcəsində nəzərə almalıdır.
