...

Azərbaycanda həbsxanaya narkotika keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 19 İyul 2008 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul / Trend müxbir K.Zərbalıyeva/ Penitensiar Xidmətin tabeliyində olan 1 saylı cəzaçəkmə müəssisəsinə heroin keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən şənbə günü Trend -a verilən məlumata görə, iyulun 19-da 1 saylı cəzaçəkmə müəssisəsində saxlanılan 33 yaşlı məhkum Müşfiq Babayevlə görüşə gələn qohumu Zaur Əzizovun gətirdiyi sovqata baxış keçirilərkən sabunun içərisində yerləşdirilmiş 6 qramdan artıq heroin götürülüb.

Babayev Cinayət Məcəlləsinin kütləvi iğtişaşda iştirak etmə (220.1) və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə (315.2-ci) maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə aşkar olunmuş narkotik vasitə və saxlanılmış şəxs istintaq aidiyyətı üzrə Nizami rayon Polis İdarəsinə təhvil verilib.

Ötən ilin dekabrında Milli Məclis tərəfindən qanunvericiliyə Penitensiar Xidmət tərəfindən cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ötürülməsi, həmçinin belə əşyaların həmin yerlərdə dövriyyəsi ilə bağlı məsuliyyəti müəyyən edən norma daxil edilib.

Xəbər lenti

Xəbər lenti