Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycanın "Akkord" İnşaat-Sənaye ASC-nin Yasamal rayonu ərazisində yerləşən ofisində yanğın hadisəsi baş verib.Bu barədə"Akkord" İnşaat-Sənaye ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Afaq Quliyeva cümə axşamı Trend -a məlumat verib.
Məlumata görə, noyabrın 19-u saat 20:00 radələrində "Akkord" İnşaat-Sənaye ASC-nin Yasamal rayonu, Əzizbəyov prospekti 520 məhəllə, bina 20 ünvanda yerləşən 5 mərtəbəli mərkəzi ofisinin zirzəmisində yerləşən nasosxanada qısa qapanma nəticəsində yanğın baş verib. Ofisin nəzarət xidmətinin əməkdaşları hadisə barədə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinə məlumat veriblər.
Hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb edilib. Yarım saat ərzində yanğın söndürülüb. Yanğın nəticəsində 200 kvadrat metr zirzəminin 110 kvadrat metri yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Zirzəmidən başqa digər mərtəbələrdə yerləşən şöbələrə heç bir ziyan dəyməyib.
Hazırda hadisə yerində Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları araşdırma aparırlar. Yanğının vurduğu zərərin məbləği hesablanır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]