Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir S.Kazımlı / Bakının Qaradağ rayonu ərazisində yerləşən tibb məntəqəsində partlayış baş verib. Hadisə zamanı iki nəfər xəsarət alıb. Bu barədə Qaradağ rayon Polis İdarəsininin 10-cu polis bölməsindən çərşənbə axşamı Trend -a məlumat verilib.
Polis bölməsindən bildiriblər ki, bu gün səhər saat 09:15 radələrində rayonun Lökbatan qəsəbəsinin Nizami küçəsində yerləşən 19 saylı tibb məntəqəsində həkim işləyən Rəvayət Mütəllibovun otagında partlayış baş verib. Hadisə zamanı Mütəllibov və tibb bacısı Reyhan Abdullayeva xəsarət alıblar.
Polis bölməsindən əlavə ediblər ki, ilkin araşdırma zamanı hadisənin qaz sızmasından baş verməsi ehtimal edilir.
Qaradağ rayon prokuroru Taryel Qurbanov isə çərşənbə axşamı Trend -a bildirib ki, hadisə zamanı qumbaraya oxşar əldə düzəldilən partlayıcı qurğu partlayıb.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]