...

Azərbaycan təyyarəsinin həlak olmuş ekipaj üzvləri arasında dörd Azərbaycan vətəndaşı olub - səfir (ÜMUMİLƏŞDİRİLİB)

Hadisə Materials 6 İyul 2011 13:04 (UTC +04:00)
İyulun 5-dən iyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin göyərtəsindəki ekipaj üzvlərindən dördü Azərbaycan vətəndaşı olub.
Azərbaycan təyyarəsinin həlak olmuş ekipaj üzvləri arasında dörd Azərbaycan vətəndaşı olub - səfir (ÜMUMİLƏŞDİRİLİB)

Hadisə ilə bağlı məlumat ümumiləşdirilib (ilk xəbər saat 11:45-də yayılıb)

Azərbaycan, Bakı, 6 iyul /Trend/

İyulun 5-dən iyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin göyərtəsindəki ekipaj üzvlərindən dördü Azərbaycan vətəndaşı olub. Bu barədə Trend-ə Azərbaycanın Əfqanıstanda akkreditə olunmuş Pakistandakı səfiri Daşqın Şikarov bildirib.

Səfir bildirib ki, digərləri Özbəkistan vətəndaşlarıdır. Şikarovun sözlərinə görə, o, hələlik həlak olanların adları barədə məlumata malik deyil.

Bir az əvvəl Azərbaycan Mülki Aviasiya Administrasiyasının verdiyi məlumata görə, təyyarənin kapitanı 1969-cu il təvəllüdlü Kuzmin Sergey Viktoroviç 4576 saat uçuş həyata keçirən təcrübəli pilotdur.

Əfqanıstanda qəzaya uğrayan Azərbaycanın nəqliyyat təyyarəsinin bütün ekipaj üzvləri həlak olub. Bu barədə Trend-ə faciənin baş verdiyi Pərvənd əyalətinin Siyah Gərd şəhərinin başçısı Əbdülhəlim Mücəddədi bildirib.

Onun sözlərinə görə, təyyarə yerli vaxtla saat 23:00-da Aksan kəndi yaxınlığında dağa çırpılıb. Bundan sonra regionda görünən yanğın baş verib.

Polisin və Pərvənd əyalətinin nümayəndələrindən ibarət istintaq qrupu yaradılıb, onlar indi həlak olanların meyitlərini axtarırlar. Mücəddədinin məlumatına görə, təyyarədə səkkiz nəfər olub.

O, "Taliban"ın təyyarənin onlar tərəfindən vurulması ilə bağlı verdiyi bəyanatı təkzib edib.

Əfqanıstanda qəzaya uğrayan "Silk Way" aviaşirkətinə məxsus təyyarə ISAF ilə müqavilə üzrə işləyib. Bu barədə Trend-ə Əfqanıstanda beynəlxalq koalisiya qüvvələrinin (ISAF) rəsmi nümayəndəsi mayor Tim Ceyms bildirib.

Azərbaycan Mülki Aviasiya Administrasiyasının verdiyi məlumata əsasən, Əfqanıstanın Hava Məkanının İdarə Edilməsi Xidmətinin məlumatına görə, iyulun 6-da saat 00:10-da (Bakı vaxtı ilə saat 02:10) Baqram aeroportu yaxınlığında yerə enməli olan "Silk Way"in yük təyyarəsilə ilə əlaqə kəsilir və radarlardan itir. Eyni zamanda, təyyarənin uçuşunu idarə edən dispetçer Kabil aeroportundan təxminən 25 kilometr məsafədə 4 kilometr yüksəlikdə alov gördüyü barədə məlumat verib.

Əlaqə kəsilənədək hava gəmisindən nasazlıq və ya qəza vəziyyəti ilə bağlı hər hansı bir məlumat daxil olmadığından onun havada naməlum obyektlə toqquşduğu ehtimal edilir.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub.

Xəbər lenti

Xəbər lenti