...

Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdıran komissiya Bakıya qayıdıb

Hadisə Materials 21 İyul 2011 11:43 (UTC +04:00)
Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdıran komissiyanın üzvləri bu gecə Bakıya qayıdıblar.
Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdıran komissiya Bakıya qayıdıb

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir S.Ağayeva/

Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdıran komissiyanın üzvləri bu gecə Bakıya qayıdıblar. Trend-in məlumatına görə, bu barədə cümə axşamı diplomatik mənbə bildirib.

"Komissiya üzvləri viza məsələsi və onların Əfqanıstanda olmalarının təhlükəsizliyi ilə bağlı məsələlər həll olunduqdan sonra Azərbaycan təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdırmaq, eləcə də ekipaj üzvlərinin cəsədlərini taparaq vətənə gətirmək üçün Əfqanıstana qayıdacaqlar", - mənbə deyib.

"Bu gün Əfqanıstanda təhlükəsizlik məsələləri ilə bağlı vəziyət kifayət qədər mürəkkəbdir və koalisiya qüvvələrinin üzvü olan ölkələrdən biri olan Azərbaycanın nümayəndələrinin bu ölkədə olması təhlükəsiz deyil", - mənbə izah edib.

Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin bir neçə gün əvvəl amerikalı hərbiçilər tərəfindən tapılan "qara qutu"su hələ də Əfqanıstandadır və şifrənin açılması üçün ən yaxın zamanda Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) ofisinə çatdırılacaq. Bu barədə bir müddət öncə Trend-ə Azərbaycanın Pakistanda və Əfqanıstandakı səfiri Daşqın Şikarov bildirib.

Səfir deyib ki, amerikalı hərbçilərin tapdıqları "qara qutu" artıq Əfqanıstanın Nəqliyyat Nazirliyinə verilib.

Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin 9 ekipaj üzvünün meyitini hələlik qəza yerindən götürmək mümkün olmayıb.

"Yük təyyarəsinin 9 ekipaj üzvündən 5-i Azərbaycan, digərləri isə Özbəkistan vətəndaşları olublar. Bütün ekipaj üzvləri həlak olub", - bir müddət əvvəl səfir Əfqanıstanın rəsmi şəxslərinə istinadən deyib.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev Beynəlxalq Hava Limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə istehsal edilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

Xəbər lenti

Xəbər lenti