Azərbaycan, Bakı, 2 avqust /Trend/
Türkiyənin "Fənərbağça" futbol klubunun oyunçusu Emre Belozoğlu danışılmış oyunlarla bağlı cinayət işi əlaqədar bu gün saxlanılıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "CNN Türk" telekanalı xəbər yayıb.
Belozoğlu ifadə verməsi üçün bu gün İstanbul Polis İdarəsinə gətirilib.
Türkiyədə bir müddət bundan əvvəl razılaşdırılmış oyunlarla bağlı işlə əlaqədar saxlanılan "Fənərbağça" prezidenti Əziz Yıldırım elə həmin gün məhkəmənin qərarı ilə həbs edilib.
Polis əməliyyatı eyni vaxtda Türkiyənin 12 vilayətində, eləcə də İstanbulda və Ankarada aparıb.
Türk telekanallarının məlumatına görə, "Fənərbağça"nın prezidenti 2010-2011-ci il mövsümündə İstanbul klubu ilə "Əskişəhərspor" komandası arasında keçirilən və "sarı-lacivərdlər"in 3:1 hesablı qələbəsi ilə yekunlaşan razılaşdırılmış oyunla bağlı işin araşdırılması çərçivəsində saxlanılıb.
Bu, türk polisinin futbolda korrupsiyaya qarşı həyata keçirdiyi ikinci böyük əməliyyatdır. "Hürriyət" qəzetinin internet saytı xatırladır ki, 2010-cu ilin mart-aprelində aralarında Türkiyənin məşhur məşqçilərinin və futbolçularının olduğu 55 nəfər nəzarətə alınmışdı.