Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Gömrükçülərin keçirdikləri əməliyyat zamanı ticarət obyektlərindən külli miqdarda partlayıcı oyuncaqlar aşkar edilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu günlərdə Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinə "Sədərək" ticarət mərkəzi, "Şirniyyat bazarı" 13-cü sıra, 47-ci mağazada Azərbaycanın gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilmiş pirotexniki və tezalışan malların satışının həyata keçirilməsi barədə daxil olmuş məlumata əsasən qeyd olunan ünvanda əməliyyat tədbiri həyata keçirib.
Mağazanın icarədarı İsmayılov Akif Qurban oğlunun özü tərəfindən təqdim edilmiş müxtəlif ölçülü 37 ədəd karton qutulardan 28 adda ümumi sayı 27980 ədəd olan pirotexniki və tezalışan mallar aşkar olunaraq götürülüb.
Eyni məkanda daha bir əməliyyat tədbiri həyata keçirilib, 11-ci sıranın qarşısında, Əzimli Sabir Saday oğlunun idarə etdiyi 90HG574 dövlət nömrə nişanlı "Ford Tranzit" markalı yük avtomobilinə Azərbaycan vətəndaşları Həşimov Cəsail Atabala oğlu və İsmayılov Cavid Fərhad oğlu 16 ədəd müxtəlif ölçülü karton qutuya qablaşdırılmış şəkildə, ümumilikdə cəmi 27321 ədəd 19 adda pirotexniki və tezalışan malları satmaq üçün yükləyərkən Əməliyyat İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Daha bir fakt isə Sabunçu dairəsi yaxınlığında aşkarlanıb. Əməliyyat İdarəsinə daxil olmuş məlumata əsasən, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən akı-Aeroport yolunun sağ tərəfində, Sabunçu dairəsi yaxınlığında, körpünün altında Azərbaycan vətəndaşı Quliyev Manaf Məhəmməd oğlu cəmi 15 ədəd müxtəlif ölçülü karton qutuya qablaşdırılmış şəkildə 50 adda, ümumi sayı 10885 ədəd pirotexniki və tezalışan malları satmaq istəyərkən yaxalanıb.
Bütün faktlarla bağlı təhqiqat aparılır və bu qəbildən olan malların ölkəyə gətirilmə yolları araşdırılır.