...

Bakıda 85 nəfər sürüşmə nəticəsində müxtəlif dərəcəli xəsarət alıb

Hadisə Materials 2 Fevral 2012 11:01 (UTC +04:00)
Bakıda yolların buzlaşması ilə əlaqədar dünən axşamdan indiyədək 85 nəfər sürüşmə nəticəsində müxtəlif dərəcəli xəsarət alıb.
Bakıda 85 nəfər sürüşmə nəticəsində müxtəlif dərəcəli xəsarət alıb

Azərbaycan, Bakı, 2 fevral / Trend müxbir K.Zərbalıyeva/

Bakıda yolların buzlaşması ilə əlaqədar dünən axşamdan indiyədək 85 nəfər sürüşmə nəticəsində müxtəlif dərəcəli xəsarət alıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, sürüşmə nəticəsində travma alan şəxslərdən 52 nəfərinə xəstəxanaya çatdırılaraq yardım göstərilib.

Sürüşmə nəticəsində xəsarət alan insanlarda əsasən sınıq, çıxıq, əzilmə olub.

Stansiyadan bildirilib ki, yolların buz olması, vaxtında təmizlənməməsi təcili yardım xidmətinin fəaliyyətinə ciddi əngəllər yaradıb, təcili yardım maşınları çağırışlara vaxtında çata bilmir, saatlarla ləngimələr olub.

Xidmətdən bildirilib ki, 8 saylı stansiyada dünəndən elektrik enerjisi kəsilib və aidiyyəti quruma müraciət olunsa da, problem aradan qaldırılmır.

Qeyd edək ki, dünən axşam saatlarından Bakının enişli-yoxuşlu və sərt yollarında təhlükəli vəziyyət yaranıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-nə kimi hökm sürəcək.

Bakıda havanın temperaturunun gecə və gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti