Azərbaycan, Quba, 8 fevral /Trend, müxbir A.Salmanov/
Güclü şaxta nəticəsində Quba rayonunun bəzi kəndlərində ev heyvanları tələf olublar. Trend-in bölgə müxbirinin məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Quba regional bürosunun yaydığı məlumatda bildirilir ki, Qubada ən sərt şaxta fevralın 9-na keçən gecə gözlənilir. Belə ki, bu gecə 20 dərəcəyə qədər şaxta proqnozlaşdırılır.
Qarlı və şaxtalı hava şəraiti Qubanın enerji və qaz təsərrüfatına ciddi təsir göstərib. Artıq Qubada üç gündür elektrik enerjisi fasilələrlə verilir.
"Azərenerji" ASC Quba regional paylayıcı şəbəkəsinin rəisi Fariz Murquzovun verdiyi məlumata görə, əsas elektrik xətlərində yüklənmələr çox olduğundan, enerji təchizatında fasilələr yaranır.
Qubada dünən gecədən başlayaraq qazın verilişində də ciddi fasilələr yaranıb.
Quba paytaxt Bakıdan 170 kilometr şimalda yerləşir.