...

Afrikanın ən məşhur siyasətçilərindən biri vertolyot qəzasında həlak oldu

Hadisə Materials 11 İyun 2012 15:36 (UTC +04:00)
Afrikanın ən məşhur siyasətçilərindən biri - Keniyanın daxili təhlükəsizlik naziri Corc Saytoti ölkə paytaxtı Nayrobi yaxınlığında baş vermiş vertolyot qəzasında həlak olub.
Afrikanın ən məşhur siyasətçilərindən biri vertolyot qəzasında həlak oldu

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir X.Murtuzayeva/

Afrikanın ən məşhur siyasətçilərindən biri - Keniyanın daxili təhlükəsizlik naziri Corc Saytoti ölkə paytaxtı Nayrobi yaxınlığında baş vermiş vertolyot qəzasında həlak olub. Onunla birlikdə daha altı nəfər, o cümlədən köməkçisi və cangüdənləri də ölüblər. Bu barədə Trend "The Associated Press" agentliyinə istinadən məlumat verir.

İnsidentin səbəbləri barədə hələlik heç bir məlumat verilmir. Vertolyot idarəetməni itirərək meşə massivinə düşüb və sonra alışaraq yanıb. Xilasedicilər qəzanın baş verdiyi yerdə yalnız yanmış insan cəsədlərinin qalıqlarını aşkar ediblər.

Qeyd edək ki, Corc Saytoti Keniyanın ən aparıcı siyasətçilərindən biri və onun hüdudlarından kənarda çox məşhur idi. Belə ki, o, 1990-1991-ci illərdə Dünya Bankının və BVF-in icraçı direktoru postunu tutmuşdu. İxtisasca riyaziyyatçı olan Saytoti ABŞ və Böyük Britaniyada təhsil almışdı. O, uzun müddət Keniya hökumətində müxtəlif yüksək postlar tutmuşdu. Ötən il Saytoti prezident postuna namizədliyini irəli sürəcəyini elan etmişdi.

Xatırladaq ki, Keniyada növbəti prezident seçkiləri 2013-cü ildə keçiriləcək.

"Əl-Cəzirə" telekanalının məlumatına görə, Saytotinin həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda çoxlu düşmənləri olub. Keniya "Əş-Şəbab" terrorçu qruplaşmasının fəaliyyət göstərdiyi Somali ilə həmsərhəddir. Keniyanın güc strukturları artıq neçə illərdir ki, bu qruplaşma ilə əsl müharibə aparır. Bu müharibənin təşəbbüskarlarından biri də Saytoti hesab edilirdi.

Xəbər lenti

Xəbər lenti