Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir İ.İsabalayeva/
Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindəki sürüşmə zonasında aktivlik davam etdiyindən bəzi yaşayış evlərində uçma təhlükəsi yaradıb.
Abşeron Rayon Masazır bələdiyyəsindən Trend-ə bildiriblər ki, aktiv sürüşmə baş verən əraziyə yaxın bəzi fərdi yaşayış evlərinin boşaldılması barədə əhaliyə xəbərdarlıq edilib. Yaşayış evlərinin sahiblərinə bildirilib ki, təhlükə sovuşana qədər müvəqqəti olaraq başqa yerdə qalsınlar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə bildiriblər ki, sürüşmə zonasında aktivlik davam edir.
Qeyd edək ki, son bir həftədir, Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindəki sürüşmə zonasında aktivlik müşahidə edilir. Bu barədə öncə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov məlumat verib.
Əmiraslanov bildirib ki, son bir həftədə müşahidə edilən aktivliyə görə bir yaşayış binasının bünövrəsinin altı 80 sm-ə qədər gedib.
Onun sözlərinə görə, sürüşməyə səbəb çirkab sularının axıdılmasıdır.