...

İran-Türkiyə sərhədində atışma baş verib

Hadisə Materials 31 Oktyabr 2013 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir T.Cəfərov/

İran-Türkiyə sərhədində "Pejak" terrorçu qruplaşması ilə baş vermiş atışma nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) sərhəd qoşunlarının bir əsgəri həlak olub, iki əsgəri isə yaralanıb. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Maku şəhərinin icra başçısı Həmid Əhmədian deyib.

H.Əhmədianın sözlərinə görə, ötən gün "Pejak" terrorçu qruplaşmasının üzvləri Türkiyədən qanunsuz olaraq İran ərazisinə keçməyə cəhd göstəriblər.

O bildirib ki, "Sepah" sərhədçiləri ilə terrorçular arasında atışma baş verib və hadisə nəticəsində terrorçulardan da bir neçə nəfər həlak olub.

Qeyd edək ki, ötən həftə İran-Pakistan sərhədində terrorçu qruplaşmalarla İran sərhədçiləri arasında atışma baş vermiş, nəticədə İranın 17 sərhədçisi ölmüş, həmçinin İran sərhəd polisinin 5 əməkdaşı yaralanmışdı. Bundan başqa, 4 sərhəd polisi də terrorçu qruplaşmalar tərəfindən əsir götürülmişdi.

Kürdüstan Azad Həyat Partiyasının (Pejak) İran qanadı İranın Kürdüstan vilayətində fəaliyyət göstərir. Qruplaşma Kürdüstanın İrandan ayrılması uğrunda mübarizə aparır.

Amerika hökumətinin məlumatına görə, İran-Türkiyə və İran-İraq sərhədlərində fəaliyyət göstərən "Pejak"a ABŞ-ın terror təşkilatı hesab etdiyi separatçı PKK nəzarət edir.

2009-cu ilin fevralında ABŞ Maliyyə Nazirliyi "Pejak"ı terrorçu qruplaşmaların siyahısına daxil edib. Bununla yanaşı, qruplaşmaya qarşı maliyyə sanksiyaları tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti