Azərbaycan, Bakı, 25 dekabr /Trend/
Penitensiar xidmətin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan olunmuş əşyalar aşkar olunaraq götürülüb.
Trend Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, 24.12.2013-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan 1982-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1; 221.3; 228.4; 234.1 və 317-2.1 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Nəriman Kərim oğlu Qurbanəliyevin saxlandığı kameraya və üzərinə baxış keçirilərkən onun əynində olan idman şalvarının cibindən daxilində danışıq kartı olan 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
24.12.2013-cü il tarixdə həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında cəza çəkən 1987-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 183.3.3 və 67.1 maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Ceyhun Hakim oğlu Əhmədovun saxlandığı kameraya və üzərinə baxış keçirilərkən kameranın sanitar qovşağının qapısının sağ tərəfində kustar üsulla hazırlanmış gizli saxlanc yerindən 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Faktlar üzrə araşdırma aparılır.