Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İ.İzzət/
Gəncədə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən şəxs həbs edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 8-də saat 01 radələrində Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü İlqar Həsənovun kəsilmiş-deşilmiş xəsarətlərlə şəhər Təcili Tibbi Yardım Stansiyasına daxil olması barədə Gəncə şəhər Baş Polis İdarəsinə daxil olmuş məlumat əsasında toplanmış material üzrə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Elxan Hüseynovun fevralın 7-də saat 23 radələrində şəhərin N.Nərimanov və B.Əliyev küçələrinin kəsişdiyi ərazidə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı üstündə gəzdirdiyi bıçaqla İ.Həsənovun bədəninin müxtəlif nahiyələrinə həyat üçün təhlükəli xəsarətlər yetirməsində, həmçinin hadisə yerinə kənar şəxslərin toplaşdığını görüb oradan qaçaraq onu öldürməyə yönəldilmiş əməlini iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməməsində şübhələr üçün kifayət qədər əsaslar olduğundan cinayət işi CM-in 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif olunub.
Şəhər prokurorluğu və Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən E.Hüseynov tutulub və iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Nizami rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda Gəncə şəhər prokurorluğunda cinayət işi üzrə istintaq davam etdirilir.