Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:09-da yayılıb)
Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir İlkin İzzət/
Bakıda silahlı basqın hazırlayan dəstə zərərsizləşdirilib.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Yasamal rayon Polis İdarəsi 29-cu polis bölməsinin qabaqlayıcı, təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-na keçən gecə Neapol küçəsində yaşayan vətəndaşa qarşı silahlı basqına hazırlaşmaqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1986-cı il təvəllüdlü Rahib Hüseynov, əvvəllər məhkum olunmuşlar - 1967-ci il təvəllüdlü Elşən Rəhimov, 1977-ci il təvəllüdlü Natiq Yusifov, 1991-ci il təvəllüdlü Nahid Allahverdiyev və 1981-ci il təvəllüdlü Cəllad İsmayılov tutulublar.
Keçirilən ilkin əməliyyat-istintaq tədbirləri ilə E.Rəhimovdan 0,175 qram heroin, 1 cüt əlcək, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq, N.Yusifovdan 0,176 qram heroin, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq, N.Allahverdiyevdən 0,178 qram heroin, 1 ədəd "Baykal" MK 654 markalı pnevmatik tapança, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd beşbarmaq, maska tipli 1 ədəd gözlük açılmış papaq, R.Hüseynovdan 0,170 qram heroin, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq, maska tipli 1 ədəd gözlük açılmış papaq, C.İsmayılovdan 0,161 qram heroin və soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq götürülüb.
İstintaq araşdırmaları zamanı müəyyən edilib ki, cinayətin planını dəstənin fəalı E.Rəhimov hazırlayıb. O, tanışı N.Yusifova tapşırıb ki, quldurluq etmək üçün gözəgəlimli evlər tapsın. N.Yusifov bir neçə gün müşahidələr apardıqdan sonra E.Rəhimovu Neapol küçəsində yerləşən evlərdən birinin yaxınlığına gətirərək ünvanı göstərib.
Dəstə üzvləri gecə saatlarında özləri ilə pnevmatik tapança, beşbarmaq, bıçaq, maska, əlcək, yapışqan lent də götürərək quldurluq edəcəkləri evin yaxınlığına gəliblər. Onlar gecəyarısı başlarına maska keçirərək quldur basqınına başlamaq istəyiblər. Lakin əməliyyatçılar onları yerindəcə yaxalayıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir. Dəstə üzvlərinin ehtimal olunan digər cinayətləri araşdırılır.