...

Qeyri-adi oğurluq: Ailə üzvləri səsə oyanmadılar (FOTO/VİDEO)

Hadisə Materials 17 Avqust 2016 12:58 (UTC +04:00)
Ailə üzvlərinə qarşı yuxu dərmanından istifadə olunub?
Qeyri-adi oğurluq: Ailə üzvləri səsə oyanmadılar (FOTO/VİDEO)

Bakı. Trend:

Cəlilabadda 10 nəfər ailə üzvünün yaşadığı evdən külli miqdarda pul oğurlanıb. Qəribəsi odur ki, oğurluq zamanı bütün ailə üzvləri evdə olsa da, heç biri səsə yuxudan oyanmayıb.

Trend CTV-yə (Region TV) istinadən xəbər verir ki, oğurluq hadisəsi rayonun Göytəpə qəsəbəsi Vüqar Mürsəlov küçəsində Ələsgər Hüseynova məxsus evdə baş verib. Gecə saatlarında naməlum şəxs və ya şəxslər həyətdəki nərdivanı evin 2-ci mərtəbəsindəki pəncərəyə söykəyərək oradan otağa daxil olublar. Evi axtardıqdan sonra otaqlardan birindəki sandığın arxasını sökərək içindəki 9 min ABŞ dolları və 13 min manat pulu oğurlayıblar.

Ev sahibi Tamella Hüseynova deyib: “Sandığı açıb içindəki əşyaları boşaldıblar. Pullar da bunların içərisində olub. Əşyaları boşaltdıqdan sonra içərisindəki pulları götürüb gediblər”.

Hadisənin ən maraqlı tərəfi isə oğurluğun ev sahibinin oğlu Anar Hüseynovun yatdığı otaqdan edilməsidir.

Ailə üzvləri iddia edirlər ki, oğurluğun həyata keçirilməsi üçün evdə onlara qarşı yuxu dərmanından və ya qazdan istifadə olunub.

Maraqlıdır ki, sandıqdakı bütün pullar oğurlansa da, orada olan 6-7 min manat dəyərində olan qızıl-zinət əşyalarına toxunulmayıb.

Məsələ ilə bağlı Göytəpə Polis İdarəsindən bildirilib ki, faktla bağlı cinayət işi açılıb. Cinayətkarların tapılması istiqamətində araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti