Bakı. Samir Əli - Trend:
Daxili İşlər Nazirliyi bir-neçə gün öncə Şamaxı rayon Polis Şöbəsində rayon sakini Namiq Zərbəliyevin döyülməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Trend-ə açıqlamasında bildirib ki, Şamaxı sakini Namiq Zərbəliyevin rayon Polis Şöbəsində guya öz əsası ilə döyülməsi və qoluna qandal taxılması barədə iddiaları əslində baş vermiş bir hadisənin mahiyyətinin öz xeyrinə təhrif olunmaqla təqdimatından və ictimai rəyi çaşdırmağa cəhd göstərməsindən başqa bir şey deyil: "Əslində özünün məsuliyyətsiz addımları, islaholunmaz xarakteri və idarəolunmaz davranışları ilə son illər yerli hüquq-mühafizə orqanları ilə dəfələrlə problemlər yaşayan, qanunsuz əməllərinin qarşısı alınarkən cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xiliqanlıq hərəkətlərinə, aqressiyaya yol verməkdə ad çıxarmış bu şəxs cari il mayın 15-də saat 15 radələrində sərxoş vəziyyətdə idarə etdiyi “Lifan” markalı avtomobillə hərəkətdə olan zaman Şamaxı RPŞ-nin sahə rəisi, polis leytenantı A.Məmmədovun idarə etdiyi “Niva” markalı nəqliyyat vasitəsinin qarşısına keçərək onun avtomaşınını sıxışdırmış və qəflətən əyləci basmışdı. N.Zərbəliyev RPŞ-nin inzibati binasının qarşısında maşından yerə enərək həmin əməkdaşı təhqir edib və sinə nahiyəsinə xəsarət yetirib. Səs-küyə bayıra cıxmış əməkdaşlar N.Zərbəliyevi intizama dəvət etsələr də o, öz qanunsuz əmələrini davam etdirərək digər iki əməkdaşa da müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hazırda həmin faktla əlaqədar toplanmış materiallar rayon prokurorluğunda araşdırılır.
Məlumat üçün bildirək ki, indi döyüldüyünü iddia edən bu şəxs əvvəllər törətdiyi cinayətlərə görə iki dəfə məhkum olunub. Belə ki, o, 11 iyun 2013-ci ildə Şamaxı şəhərində rayon sakini Ş.Mikayılovu söyüb təhqir etmiş, sonra avtomobilində gəzdirdiyi qoşalülə ov tüfəngi ilə sonuncuya tərəf atəş açmış, oğlanları - Telman və Eşqin Zərbəliyevlərin tüfəngin lüləsini yuxarı qaldırmaları ilə güllə hədəfə dəyməmişdi.
Faktla bağlı Şamaxı RPŞ-də CM-nin 221.3-cü maddəsilə cinayət işi başlanılmış, N.Zərbəliyev həmin maddə üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Lakin o, qatı xuliqanlığı anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən və cəzadan azad edilərək barəsində ümumi tipli psixatriya stasionarında məcburi müalicə təyin edilmişdi".
O.Mansurzadə bildirib ki, N.Zərbəliyev ikinci dəfə ötən ilin mart ayının 24-də Şamaxı şəhərindəki bazarın qarşısında tanışı Kamil Hüseynovu döyüb, sonuncuya sağlamlığa yüngül zərər vurmaqla bədən xəsarətləri yetirib. Bu fakt üzrə CM-in müvafiq maddəsi ilə cinayət işi başlanılaraq rayon məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə N.Zərbaliyev 500 manat cərimə edilib.
Keçən il noyabrın 19-da N.Zərbəliyev oğlanları Eşqin və Pərvinlə birlikdə Şamaxı RPŞ-nin Növbətçi hissəsinə gələrək təqribən 1 saat müddətinə iş rejimini pozaraq əməkdaşların ünvanına nalayiq ifadələr səsləndirib, əməkdaşların onları intizama dəvət etmək cəhdlərinə məhəl qoymayıb. Polisin qanuni tələblərinə qəsdən tabe olmadıqlarına görə onlar 200 manat cərimə ediliblər.
Bu sıraya N.Zərbəliyevin “Azerolizinq” MMC-yə məxsus “RUNNA” markalı avtomobilin dövlət qeydiyyat nişanını dəyişib qanunsuz olaraq digər bir nömrə ilə əvəzləyərək avtomobili idarə etməsini və bu kimi digər “xırda” xətalarını da göstərmək olar.