Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi (FHN) Şəmkirdə baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.
FHN-dən Trend-ə bildiriblər ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şəmkir rayonunun Sarıtəpə kəndində “Mercedes” markalı sərnişin avtobusu və “SHACMAN” markalı yük avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı sərnişin avtobusunda sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini və müxtəlif xəsarətlər alan 4 sərnişini xilas edərək aidiyyəti üzrə təhvil veriblər.