Bakı. Samir Əli - Trend:
İsmayıllı rayonunda yol polisini döyən sürücünün cinayət işi məhkəməyə göndərilib.
Trend-in məlumatına görə, İsmayıllı rayon sakini Ruslan Maxsudovun barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Cinayət işi baxılması üçün İsmayıllı rayon məhkəməsinə göndərilib. Cinayət işi hakim İlqar Hüseynovun icratına verilib.
Xatyırladaq ki, hadisə bu il iyulun 24-də İsmayıllı rayonu ərazisində baş verib.
İsmayıllı RPŞ-nin DYP Bölməsinin yol patrul xidməti inspektoru Bəhram Bəhramlı İsmayıllı şəhəri, M.Orucov küçəsində xidmət apardığı zaman BMV X5 markalı, 90-MP-065 dövlət qeydiyyat nişanlı avtomobili qayda pozuntusuna yol verildiyinə görə dayandırdıqda sürücü Ruslan Maxsudov polis əməkdaşına müqavimət göstərməklə əlləri ilə Bəhram Bəhramlının üz və boyun nahiyəsinə zərbələr endirərək bədən xəsarətləri yetirib.
Faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Ruslan Maxsudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.