Bakı. Trend:
Ağır Cinayətlər Məhkəməsində keçmiş Milli Qəhrəman Rasim Əkbərovu qətlə yetirməyə cəhddə təqsirləndirilən Xaliq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Trend-in məlumatına görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin vəsatəti dinlənilib.
Müdafiə tərəfi hesab edib ki, Xaliq Məmmədov cinayəti anlaqsız vəziyyətdə törədib.
Müdafiəçi onun barəsində məhkəmə tibbi ekspertizasının keçirilməsini istəyib.
Hakim vəsatəti təmin edib və təqsirləndirilən şəxsin anlaqsız olub-olmamasının yoxlanılması ilə bağlı ekspertiza keçirilməsi barədə qərar verilib.
Bu səbəbdən məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.
İttihama görə, hadisə 2021-ci ilin sentyabrında Goranboy şəhərində baş verib. Xaliq Məmmədov Rasim Əkbərova bıçaqla bir neçə zərbə endirib.
Gəncədəki xəstəxanalardan birinə yerləşdirilən Rasim Əkbərovun həyatını xilas etmək mümkün olub.
Təqsirləndirilən Xaliq Məmmədov hadisəni yaxını olan bir qadına görə törətdiyini deyib. İstintaq orqanı tərəfindən Xaliq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
1957-ci ildə Goranboyda anadan olmuş Rasim Əkbərov 90-cı illərin əvvəlində elə bu rayondakı N saylı hərbi hissənin komandiri olub. O dövrdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi xidmətlərə görə 23 iyun 1992-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. 1 yanvar 1994-cü ildə isə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
O, 90-cı illərin sonunda dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Məhkəmənin hökmü ilə 15 il azadlıqdan məhrum edilən Rasim Əkbərovdan eyni zamanda, fəxri ad və ordeni də alınıb.
2001-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə R.Əkbərov “Azərbaycanın Milli Qəhrəmanı” adı və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib, 2008-ci ildə Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.