Bakı. Trend:
Lənkaranda sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanların sayı artıb.
Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 28.01.2025 ci il tarixində Lənkəran-Boradigah-Masallı yolunun Lənkəran şəhəri ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı 24 nəfər (13-ü qadın, 10-u kişi cinsli, 1-i azyaşlı olmaqla) bədənin müxtəlif nayihələrinin travmaları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
"Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəsarət alanlardan 1 nəfərin müalicəsi Reanimasiya şöbəsində, 6 nəfərin müalicəsi Travma şöbəsində, digər 4 yaralının müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. 13 nəfərin xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb", deyə qurumdan əlavə edilib.
XXX
15:52
Lənkəranda 21 nəfərin xəsarət aldığı qəza ilə bağlı araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis kapitanı Məhəmməd Rzayev Trend-in sorğusuna cavab olaraq bildirib ki, Yanvarın 28-də saat 13 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində Hümmət Rüstəmova məxsus "Vaz" markalı avtomobil və Xaqani Ramazanzadənin idarə etdiyi "Isuzu" markalı avtobusun toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
O qeyd edib ki, hadisə yerində polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik və digər tədbirlər görülüb.
"Qəza ilə bağlı avtotexniki ekspertizalar təyin edilib, araşdırma aparılır",- deyə o əlavə edib.
Qeyd edək ki, qəza nəticəsində 21 nəfər xəsarət alıb.
XXX
14:45
Lənkaranda sərnişin avtobusu aşıb, 21 nəfər yaralanıb.
Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 28.01.25-ci il tarixində saat 13:30 radələrindən başlayaraq 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd edilib ki, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir.
"Vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər", - TƏBİB-dən əlavə edilib.