...

Ekspert: "Yoluxma" filminin ssenarisi təsəvvür edildiyindən daha realdır

Maraqlı Materials 1 Noyabr 2011 16:45 (UTC +04:00)
Öldürücü taun, yaxud naməlum virus epidemiyası Hollivudun ən sevimli süjetlərindən biridir.
Ekspert: "Yoluxma" filminin ssenarisi təsəvvür edildiyindən daha realdır

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir X.Murtuzayeva/

Öldürücü taun, yaxud naməlum virus epidemiyası Hollivudun ən sevimli süjetlərindən biridir. Məsələn, Stiven Soderberq özünün "Yoluxma" filmində ABŞ-ın pandemiyaya necə reaksiya verəcəyini fikirləşməyi qərara alıb. Süjetə görə, Birləşmiş Ştatlara öldürücü virus Honkonqdan olan turistlərlə birgə düşür. Yüzlərlə alim onun şifrini və zərdabını əldə etməyə cəhd göstərsə də, bu, heç bir fayda vermir.

London Kral Universitetinin virusologiya üzrə professoru Meri Con Oksfordun sözlərinə görə, hadisələrin belə inkişafı tamamilə mümkündür. Trend-in məlumatına görə, bu barədə "The Telegraph" qəzeti yazır.

Qeyd etmək lazımdır ki, filmin yaradılmasına Kolumbiya Universitetinin epidemiologiya üzrə professoru Yan Lipkin kömək edib.

Filmdə real həyatda olduğu kimi, viruslar öskürəklə deyil, əl təması ilə çox sürətlə yayılır. Ona görə də qapı dəstəkləri də daxil olmaqla, istənilən əşya təhlükəli ola bilər və əlləri yumaq maska taxmaqdan vacibdir. Virusun mutasiya olunmaq qabiliyyəti isə universal zərdab hazırlamağa imkan vermir. Yeni ştammın yaranması zamanı zərdabın hazırlanmasına bir neçə həftə və hətta aylar tələb olunur. Bu müddət ərzində yüzlərlə adam ziyan çəkə bilər.

Epidemioloqların bəhs etdikləri ən dəhşətli variantlardan biri quş və donuz qriplərinin mutasiyasıdır. Onda dünyada "Yoluxma" filmində olduğu kimi, öldürücü və asan yayılan virus əmələ gələcək. Qeyd etmək lazımdır ki, 1918-ci ildə "ispan qripi" adı altında dünyaya yayılan belə ştamm meydana gəlmişdi. O zaman virus 50 milyondan 100 milyonadək insanın ölümünə səbəb olmuşdu.

Hazırda insanların dünya üzrə daha fəal səyahət etdiklərini nəzərə alsaq, bəşəriyyətin daha irimiqyaslı epidemiya ilə qarşılaşmasının mümkün olduğunu söyləmək olar. Müasir cəmiyyətin mürəkkəbliyi onun "Axilles dabanı"dır. Belə ki, əgər elektrik stansiyasının işçiləri xəstələnsələr, şəhər işıqsız qalar, iqtisadiyyata isə böyük ziyan dəyər. İndiki məqamda bizi fəlakətdən epidemioloji vəziyyətə nəzarət edən minlərlə həkimin və alimin işi ayırır.

Xəbər lenti

Xəbər lenti