Azərbaycan, Bakı, 21 iyul/Trend, müxbir X.Murtuzayeva/
Maykl Ceksonun beş bacı-qardaşı pop musiqisi kralının bütün varidatını anasına bağışlaması barədə vəsiyyətnamənin saxta olduğunu iddia edirlər. Bu barədə Trend Rusiya KİV-inə istinadən yazır.
Qeyd edək ki, müğənninin son istəyinə görə, onun bütün sərvəti anası Ketrinin rəhbərliyi altında fəaliyyət göstərən Cekson ailəsi Fonduna keçib. Maliyyə işləri ilə isə Con Brank və Con Makkeyn adlı iki hüquqşünas məşğul olur və onlar bunun üçün böyük məbləğdə mükafat alırlar. Ceksonun qohumları hesab edirlər ki, onlar həmin pullardan istifadə etmək üçün vəsiyyətnamədəki imzanı saxtalaşdırıblar.
Tito, Canet, Cermeyn, Rendi və Rebbi iddia edirlər ki, guya qardaşları ölümündən bir neçə ay əvvəl onlara ikimənalı şəkildə bu iki hüquqşünasa nifrət etdiyini və əmlakının onlardan heç biri üçün əlçatan olmasını istəmədiyini bildirib: "Biz heç kimin anamızın etimadından sui-istifadə etməsinə yol verməyəcəyik".
Qəzəblənmiş qohumlar bütün bunların analarının səhhətinə çox pis təsir etdiyi və bütün bunlara tezliklə son qoyulmasını tələb etdiyini bildiriblər. Lakin Mayklın anasının vəkili bu bəyanatı təkzib edib. Onun sözlərinə görə, Ketrin tamamilə sağlamdır. Onu da bildirək ki, Ketrin hüquqşünaslara ünvanlanan qəzəbli məktubu imzalamaqdan imtina edib.
Xatırladaq ki, "Forbes" jurnalının reytinqinə görə, dünyadan köçmüş ən varlı adamların siyahısında Maykl Cekson birinci yeri tutur. Belə ki, son bir il ərzində onun sərvəti 275 milyon dollar artıb ki, bu da reytinqdə təqdim olunan digər zənginlərin birgə götürülən varidatından da çoxdur.
Məşhur müğənni 2009-cu il, iyunun 25-də 51 yaşında Los-Ancelesdə vəfat edib. Cekson yüksək dozada ağrıkəsici dərman qəbul etdikdən sonra komaya düşüb. Kaliforniya klinikalarının həkimləri onu həyata qaytarmağa çalışsalar da, bütün səyləri boşa çıxıb. 2011-ci ilin yanvarında müğənninin şəxsi həkimi Konrad Myureyə bilməyərəkdən qətl törətmək ittihamı irəli sürülüb. 2011-ci ilin noyabrında o, dörd illik həbs cəzasına məhkum edilib.