Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir M.Salmanov/
Fransanın "Robertet" ətir evi arıqlamağa kömək edən xüsusi ətir hazırlayıb. Bu barədə Trend çərşənbə günü Türkiyə mətbuatına istinadən məlumat verir.
Artıq çəkidən əziyyət çəkən insanlar nizamsız qidalanmağa ehtiyac hiss etdikləri zaman bu ətirdən istifadə edə bilərlər.
Səhər saatlarında vurulması tövsiyyə edilən ətir dəridə olan B-endorfin hormonlarını hərəkətə gətirir. Bu hormanlar həzz siqnalları ilə beynin gümrahlıq hisslərini hərəkətə gətirərək həddən çox yemək istəyinin qarşısını alır.
Ətrin səmərəliliyini yoxlamaq məqsədilə Fransanın BIO-EC laboratoriyasında pəhriz saxlamayan 18-70 yaşlı qadınlar arasında təcrübə aparılıb.
28 gün davam edən təcrübə zamanı ətrin nizamsız qidalanmanın 75 faiz azalmasına səbəb olduğu müəyyənləşib. Ətrin berqamot, qreypfrut və naringi qoxuları var.