...

Yaxşı zəhər (FOTO)

Maraqlı Materials 17 Sentyabr 2012 13:38 (UTC +04:00)
Təbiətin yaratdığı ən ölümcül canlılar bəzən heç gözləmədiyiniz anda qarşımıza çıxaraq zəhərləri ilə cəmi bir neçə dəqiqəyə bizi öldürə bilərlər.
Yaxşı zəhər (FOTO)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Təbiətin yaratdığı ən ölümcül canlılar bəzən heç gözləmədiyiniz anda qarşımıza çıxaraq zəhərləri ilə cəmi bir neçə dəqiqəyə bizi öldürə bilərlər. Bu zəhərli heyvanlar insanların əksəriyyətində qorxu hissi doğurur. Amma mütəxəssislər bu heyvanların malik olduqları zəhərin bəzi qiymətli dərmanlar üçün xammal olduğunu bilir. Araşdırmalarda hər şeydən əvvəl zülal komponentlərindən istifadə edilir. Bu da tibb sahəsində bir çox yeniliklərə yol açıb. Bu barədə Trend Türkiyənin "Hürriyət" qəzetinə istinadən yazır.

Əqrəb sancmaları çox ağrıdıcı, hətta ölümcül ola bilər. Ancaq əqrəb zəhəri eyni zamanda təsirli bir ağrıkəsicidir. Digər tərəfdən, orqan nəqli əməliyyatından sonra damarların tutulmasının qarşısını alır. Əqrəb zəhəri kontrast maddə ilə qarışdırılıb orqanizmə yeridildikdə o, xərçəng şişi hüceyrələrinin aşkar olunmasına kömək edir.

Qırmızı tüklü Çili tarantulasının zəhərinin tərkibində ürək ritmi pozğunluqlarının müalicəsində istifadə olunan peptit maddəsi var. Bu həşərat növünün yaxın qohumu olan Muz hörümçəyinin zəhəri uşaqların, hətta yaşlı şəxslərin belə ölümünə səbəb olduğu halda bu zəhərin tərkibində viaqra kimi cinsi fəallığı artıran təbii maddə var. Eləcə də Avstraliyada yaşayan Taipan ilanı dünyanın ən güclü zəhərə malik ilanıdır. Onun zəhəri qurbanını əvvəlcə iflic edir, daha sonra isə bir neçə saat ərzində öldürür. Ancaq eyni zəhərdən xroniki ürək xəstəliklərinin müalicəsində istifadə olunur.

Cənubi Amerikadaki Botrops ilanının zəhərindən əməliyyat yaralarının tez sağalması və qan laxtalanmasının qarşısını alan maddə kimi istifadə olunur. Bu zəhər xərçəng hüceyrələrinin böyüməsinin də qarşısını alır.

Yaşıl mamba ilanı sancdıqda qurbanında əzələ spazmaları və tənəffüs iflicinə səbəb olur. Ancaq bu növün ifrazatında olan asetilkolin adlı maddə, alimlərin fikrincə, Alzheymer xəstəliyinin müalicəsində yardımçı ola bilər.

Şimali Amerikada yaşayan Gila canavarı adlı kərtənkələ isə zəhər tüpürür. İlanlar kimi dişləri olmayan bu heyvanın zəhər vəziləri alt çənəsinin arxasında yerləşir. Olduqca zəhərli olan tüpürcəyin tərkibində "Polipeptit Eksendin - 4" var. Qeyd edək ki, bu zülaldan şəkər xəstəliyinin müalicəsində istifadə edilir. Bu aktiv maddə insulinlə müqayisədə daha faydalıdır. Belə ki, qanda şəkər səviyyəsini daha yaxşı tənzimləyir.

Ok qurbağasının dərisində olan "Epibatidine" adlı nikotinə bənzər zəhər orqanizmə düşdükdə təzyiqi qəflətən aşağı salır, əzələlərdə güclü spazma yaradır. Ancaq buna baxmayaraq, bu güclü zəhərdən diabetin müalicəsində istifadə edilir. Habelə bu ifrazat Alzheymer xəstəliyinin diaqnozu zamanı tomoqrafiya üsuluna da yardım edir.

Arı zəhərinin tərkibində revmatoid artrid, sinir sistemi iltihablaşmaları və ağrılara qarşı üç zülal komponenti var. Yeri gəlmişkən, əslində adi bir böcək olan ispan ağcaqanadının zəhərində isə cantaridin adlı aktiv bir komponent var. Bu maddə cinsi gücü artırır, böyrək və sidik kisəsi narahatlıqlarının müalicəsinə yardım edir.

Sakit okeanda yaşayan konus ilbizi zəhərli iynəsini batırdıqda hətta insanı öldürə bilər. Eyni zamanda, onun conotoxins adlandırılan zəhəri xroniki ağrıların aradan qaldırılmasında və xüsusilə xərçəng müalicəsi alanların ağrılarını yüngülləşdirmək üçün istifadə edilir. Eyni zamanda, asılılıq riski də morfidən daha aşağıdır.

Xəbər lenti

Xəbər lenti