Azərbaycan, Bakı, 2 fevral /Trend/
Tovuzlu gənc xanım qeyri-adi bacarığı ilə fərqlənir.
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, 26 yaşlı qız gün ərzində oxuyub bitirdiyi kitabların sayı ilə hamıdan fərqlənir.
"Kitablara etibar edin - onlar sizə ən yaxın dostlardır", - deyən Rübabə Qasımova gününün çox hissəsini kitabxanada keçirir. 15 ildən artıqdır ki, fasiləsiz mütaliə edən Tovuz sakini bu günə qədər 5 minə yaxın kitab oxuyub. Oxuduqca kitablara qarşı marağı və sevgisi artan R.Qasımova sürətli oxumağa da vərdiş edib. Elə bunun üçün də gün ərzində 2-3 kitabı oxuyub bitirir.
Yaşadığı mənzili də demək olar ki, kitabxanaya çevirən Tovuz sakini kitablara xərclədiyi pul üçün heç vaxt heyifsilənmir.
O deyir ki, hər bir müəllif oxucunun həmsöhbətidir. Bu baxımdan nə qədər çox oxusaq, o qədər də insan tanıyarıq.