...

Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü noyabrın sonunda Madriddə baş tuta bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Noyabr 2007 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynov/ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması perosesinin müzakirəsi üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü noyabrın sonunda Madriddə baş tuta bilər.

"ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən mümkün variant kimi noyabrda Madriddə ATƏT-in iclası çərçivəsində nazirlərin görüşü təklif olunub. Hazırda mən həmsədrlərdən onların gələcək planlarına dair məlumat gözləyirəm" - deyə Trend ə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Vasitəçilərin Azərbaycana oktyabrda baş tutan son səfərini şərh edərkən nazir bildirib ki, həmsədrlərdən cavab gözləyir. "Çünki onlar buradan Yerevana gediblər və məqsədli diplomatiyanı davam etdirəcəklərini bildiriblər. Nəzərə alsaq ki, həmsədrlərin fəaliyyətinə dair məlumat daxil olmur, belə güman etmək olar ki, onların Yerevandakı danışıqları baş tutmayıb" - deyə nazir bildirib.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın 2008-ci ilin mayında Ermənistanda keçiriləcək prezident seçkilərinə qədər Ermənistan və Azərbaycan prezidentləri arasında centelmen razılığının əldə olunmasının mümkünlüyünə dair bəyanatına öz münasibətini ifadə edən nazir bildirib: "Bu hipotetik bir məsələdir və bu istəyi şərh etmək mənim üçün çətindir. İstək var. Əgər razılıq əldə edə bilsək və bununla yanaşı, Ermənistan tərəfinin siyasi iradəsi olarsa, əlbəttə ki, imzalamaq olar".

Xəbər lenti

Xəbər lenti