Azərbaycan, Bakı, 07 iyul/ Trend , müxbir E.Babayev/ Qarabağ Azadlıq Təşkilatı (QAT) "Azərbaycana qarşı erməni təcavüzünün nəticələrinin aradan qaldırılmasına dair Vahid Mövqe" adlandırılan sənədin son variantını təsdiq edib. "Biz hesab edirik ki, Azərbaycanda belə bir sənədin qəbuluna ehtiyac var. Yəni sülh danışıqları dayandırılmalı və hərbi əməliyyatlar başlanılmalıdır", - deyə bazar ertəsi Trend -a QAT sədri Akif Nağı bildirib.
Trend -un arayışı: Bazar ertəsi QAT Ali Məclisinin iclasında "Azərbaycana qarşı erməni təcavüzünün nəticələrinin aradan qaldırılmasına dair Vahid Mövqe" adlandırılan sənədin son variantı təsdiq olunub və və yaxın günlərdə imzatoplama kampaniyasına başlamaq haqda qərar qəbul edilib.
Nağı bildirib ki, sənəd Azərbaycanın ziyalılarına, siyasi xadimlərinə, ictimaiyyət nümayəndələrinə, siyasi partiyalara təqdim olunacaq. "İmzatoplama kampaniyası başa çatıdqdan sonra sənədin tam mətni cəmiyyətə açıqlanacaq. Eyni zamanda, sənəd tanışlıq məqsədi ilə beynəlxalq qurumlara təqdim ediləcək", deyə Nağı bildirib. Onun sözlərinə görə, Ali Məclis həmçinin azərbaycanlı əsir qadınlara qarşı erməni vəhşiliklərini əks etdirən sənəd qəbul edib. Həmin sənədin Bakıda, bütün digər bölgələrdə yayılması, internet saytlarında yerləşdirilməsi, elektron ünvanlarına göndərilməsi nəzərdə tutulur. "Sənəd Azərbaycan ictimaiyyətinə ünvanlanıb. Məqsəd də odur ki, Azərbaycan ictimaiyyəti erməni vəhşiliklərini unutmasın", - deyə o əlavə edib.
QAT Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 2000-ci ildə Bakıda yaradılıb. Qurumun rəhbəri tarix elmləri namizədi, dosent Akif Nağıdır. Təşkilat öz sıralarında Azərbaycanın tanınmış ziyalıları, qaçqın və məcburi köçkünləri, gənclər, keçmiş döyüşçülər, ehtiyatda olan yüksək rütbəli zabitlər olmaqla 10 min nəfəri birləşdirir. QAT-ın Azərbaycan üzrə 74 yerli şöbəsi və müxtəlif xarici ölkələrdə təmsilçiləri fəaliyyət göstərir.
Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün 1992-ci ildə ATƏT çərçivəsində 10-a yaxın ölkənin iştirakı ilə Minsk Qrupu yaradılıb, 1997-ci ildən Minsk Qrupunda üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərindən ibarət həmsədrlər fəaliyyət göstərir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]