...

Rəsmi Bakı Rusiyanın Ermənistanı müdafiə edəcəyinə dair bəyanatları siyasi spekulyasiya adlandırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Avqust 2010 20:35 (UTC +04:00)
Azərbaycanın xarici işlər nazirinin müavini müharibə başlayacağı halda Ermənistanın Rusiya tərəfindən müdafiə edilməsi ilə bağlı erməni rəsmilərinin bəyanatlarını siyasi spekulyasiya adlandırıb.
Rəsmi Bakı Rusiyanın Ermənistanı müdafiə edəcəyinə dair bəyanatları siyasi spekulyasiya adlandırıb

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın xarici işlər nazirinin müavini müharibə başlayacağı halda Ermənistanın Rusiya tərəfindən müdafiə edilməsi ilə bağlı erməni rəsmilərinin bəyanatlarını siyasi spekulyasiya adlandırıb.

"Rusiyanın Ermənistandakı bazasının münaqişənin həllinə siyasi təsiri spekulyasiya xarakterlidir. Bu bəyanatlar bir tərəfdən Ermənistanda daxili ictimai rəyə təsir üçün verilir, digər tərəfdən isə buna bəlkə də Azərbaycana siyasi təzyiq kimi baxıla bilər. Yəni bu bəyanatların uzaqgörənliyi yoxdur. "Azərbaycan Qarabağda bir əməliyyat başlasa, Rusiya Ermənistanı dəstəkləyəcək" kimi bəyanatlar vermək məncə, siyasi məsuliyyətsizlik və hüquqi savadsızlıq kimi qiymətləndirilə bilər" Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Əzimov Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu və Ermənistan tərəfindən işğal edildiyini deyib.

"Azərbaycan öz ərazisində hansısa hərbi əməliyyatlar keçirmək qərarına gəlsə, yəqin ki, öz sərhədindən kənara çıxmağa ehtiyacı qalmaz. Həmçinin Azərbaycan işğal altında olan torpaqlarını sülh yolu ilə azad etmək niyyətini davam etdirir. Münaqişənin sülh yolu ilə həlli istiqamətində göstərilən səyləri Ermənistan yaxşı qiymətləndirsəydi, problem həll olunardı" XİN rəsmisi qeyd edib.
 
Əzimov bildirib ki, Ermənistan həmsədrlərin etdiyi təklifləri rədd edir. Bu da danışıqlarda bir durğunluq əmələ gətirib.

"Əgər mövqelərdə bir dəyişiklik olmazsa, çətin ki, bir nəticə əldə olunsun" diplomat vurğulayıb.
 
Əzimov deyib ki, həmsədrlərin təklifləri razılaşdırılsaydı, nəticə alına bilərdi.

"Bir məqam razılaşdırılmasa, əhəmiyyətli olduğuna görə yerdə qalan razılıqları da özündən asılı vəziyyətə sala bilər. Burada əsas məsələ nədir? Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırmı, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağdakı iki icmanın birgə yaşamasını təmin edəcək modelin işlənməsinə dəstək verməyə hazırdırmı? Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanıyacaq. Ərazi bütövlüyü çərçivəsində məsələlərin həllinə razılıq verirsə, bütün digər məsələlər bir gün ərzində həll oluna bilər. Biz Ermənistan tərəfindən bu əsas sözü eşitməmişik. Beynəlxalq cəmiyyətdə qəbul olunan modeli, yəni ərazi bütövlüyü çərçivəsində regionda yaşayan əhaliyə muxtariyyət səviyyəsində təmin olunacaq təklifi dəstəkləsə, problem asanlıqla həll edilə bilər" Əzimov əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti