Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan Parlamentinin deputatları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT baş katibinin xüsusi nümayəndəsinin təyin olunmasını məqbul sayırlar.
"Belə bir nümayəndənin olması BMT-nin Dağlıq Qarabağ problemi ilə bağlı daimi məlumatlandırılmasında, problemin həllində beynəlxalq hüquq normalarının vacibliyinin bir daha tərəflərin, ilk növbədə, Ermənistanın diqqətinə çatdırılmasında müəyyən rol oynaya bilər", - bunu bazar ertəsi Trend-ə açıqlamasında deputat Aydın Mirzəzadə bildirib.
BMT Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsini təyin etməlidir. Bu barədə bazar ertəsi jurnalistlərə Latviyanın eks-prezidenti (1999-2007), BMT baş katibinin xüsusi diplomatik nümayəndəsi, Avropa İttifaqının uzunmüddətli inkişafı üzrə ekspertlər qrupunun vitse-prezidenti Vayra Vike-Freyberq bildirib.
Onun sözlərinə görə, xüsusi nümayəndənin təyin olunması münaqişənin həllini sürətləndirə bilər.
Millət vəkili Zahid Oruc isə Trend-ə açıqlamasında bildirib ki, 1992-ci ildə ATƏT-in Minsk qrupu yarananda və buna xüsusi mandat veriləndə eyni zamanda BMT öz xüsusi nümayəndəsini təyin etməli idi.
"Çünki keçən dövr ərzində ATƏT bu regionda münaqişələrin həlli ilə bağlı hər hansı işlər həyata keçirməyib", - Oruc deyib.
Deputatın sözlərinə görə, ATƏT-in Minsk qrupunda irəli sürülmüş və razılığını tapmış həll modeli də sonrakı dönəmdə məhz BMT qüvvələri vasitəsilə zəmanət qazanmalıdır.
"Sülhayırıcı qüvvələrin gətirilməsi, onun yaradılması, konkret hansı formatda formalaşdırılması, onların müddət məsələsinin müəyyənləşməsi və sair amillər sübut edib ki, dünyada sülhə, təhlükəsizliyə cavabdehlik daşıyan BMT-nin məhz buna bilavasitə səlahiyyətləri var", - Oruc əlavə edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.