...

Müdafiə Nazirliyində Azərbaycanın hərbi qulluqçuları Mübariz İbrahimov və Fərid Əhmədovun vida mərasimi keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Noyabr 2010 12:39 (UTC +04:00)
Azərbaycanın hərbi qulluqçuları Mübariz İbrahimov və Fərid Əhmədovun meyitləri bu gün ailələrinə qaytarılacaq.
Müdafiə Nazirliyində Azərbaycanın hərbi qulluqçuları Mübariz İbrahimov və Fərid Əhmədovun vida mərasimi keçiriləcək

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın hərbi qulluqçuları Mübariz İbrahimovFərid Əhmədovun meyitləri bu gün ailələrinə qaytarılacaq. Bu barədə Trend-ə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov bildirib

Hər iki hərbçinin meyiti "Təzə Pir" məscidinə aparılacaq.

Sayılov deyib ki, meyitlər orada dini adət-ənənə ilə dəfn üçün hazırlanacaq. Daha sonra isə hərbçilərin meyitləri Müdafiə Nazirliyinə aparılacaq. Nazirlikdə vətən uğrunda şəhid olan Mübariz İbrahimov və Fərid Əhmədovla vida mərasimi keçiriləcək. Sonra onların meyitləri təntənəli surətdə dəfn olunacaq.

Gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Oktyabrın 27-də Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşün yekunları üzrə imzalanan Birgə Bəyannamədə deyilir: "Ermənistan və Azərbaycan prezidentləri ilk addım kimi ATƏT-in Minsk qrupunun və Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə hərbi əsirlərin və həlak olanların meyitlərinin mübadiləsini etmək barədə razılığa gəliblər".

Cümə axşamı Azərbaycan erməni tərəfinə intihar edən Manvel Sarıbekyanı təhvil verib, Ermənistan isə Azərbaycan vətəndaşı Eldar Tağıyevi əsirlikdən azad edib.

Xəbər lenti

Xəbər lenti