...

Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşən Azərbaycan vətəndaşları barədə məlumatların toplanması yekunlaşıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Mart 2011 15:12 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin hesab olunan Azərbaycan vətəndaşları barədə məlumatların toplanması yekunlaşıb.
Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşən Azərbaycan vətəndaşları barədə məlumatların toplanması yekunlaşıb

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir K.Zərbalıyeva/

Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin hesab olunan Azərbaycan vətəndaşları barədə məlumatların toplanması yekunlaşıb.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti, millət vəkili Novruz Aslan Trend-ə bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan hökumətinin birgə keçirdiyi layihənin birinci mərhələsi başa çatıb.

"Layihənin birinci mərhələsi artıq yekunlaşıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına məruzə edilib. Toplanmış məlumatlar Komissiyaya təhvil veriləcək. Bu layihə itkin düşmüşlərin tapılmasında, müəyyən olunmasında böyük rol oynayacaq", - Novruz Aslan deyib.

AzQAC-ın prezidenti bildirib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşən vətəndaşlarımızın sayı çoxdur. Onların indiyədək sağ olduğu, ya da öldüyü barədə məlumatlar yoxdur.

"Bu şəxslərin öldüyünü sübut edən faktlar olmadığından, bir çox insanlar öz həyatlarını müəyyən edə bilmirlər. Çox qadınlar var ki, ərlərindən xəbərsizdir. Analar öz övladlarının qəbrlərini ziyarət etmək istəyirlər. Topladığımız məlumatlar gələcəkdə həmin insanların talelərinin müəyyən olunmasına kömək edəcək", - o, deyib.

İtkin düşmüşlərin ailə üzvlərinin, qohumlarının bu layihənin həyata keçirilməsində rolunu vurğulayan Novruz Aslan bildirib ki, itkin düşmüşlərlə bağlı bütün suallar ailə üzvləri tərəfindən ətraflı cavablandırılıb.

"İtkin düşmüşlərin ailə üzvləri, yaxın qohumları bu layihəyə çox diqqətlə yanaşdı. Nə qədər ağır, çətin olsa da, onlar suallarımıza ətraflı cavab verdilər. Ailə üzvlərinə itkin düşmüş doğmalarının paltarları, əşyaları, bədənlərindəki işarələrlə bağlı suallar verilib. Toplanmış məlumatlar onların başına nə gəldiyini aydınlaşdırmağa imkan verəcək və nəticə etibarilə bir çox ailələrin rahatlıq taparaq öz həyatlarına davam etməsinə kömək edəcək", - Cəmiyyət rəhbəri deyib.

Sayca ikinci olan bu layihə ilk dəfə keçmiş Yuqoslaviya ərazisində həyata keçirilib.

Layihənin köməyi ilə həmin ərazidə itkin düşən, həlak olanların şəxsiyyəti müəyyənləşib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4 minə yaxın Azərbaycan vətəndaşı itkin düşüb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti