Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir A.Qasımova/
ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) illik kampaniyası nəticəsində Texas ştatının Nümayəndələr Palatası Xocalı faciəsi haqqında qətnamə qəbul edib. Trend-in məlumatına görə, USAN-in məlumatında deyilir.
1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndində yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlıların yaşadığı Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırım aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndindən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilib.
Müəllifi dövlət nümayəndəsi Cim Merfinin (R-TX) olduğu HR 535 qətnaməsi Nümayəndələr Palatası tərəfindən martın 3-də səsvermə zamanı qəbul edilib. Xocalıda soyqırımın törədilməsinin tanınması haqqında bu qətnamə Texas ştatının qanunvericilik yığıncağı çərçivəsində və milli miqyasda ilk qətnamədir.
USAN-in Direktorlar Şurası Cim Merfiyə, Nümayəndələr Palatasının spikeri Co Ştrausa və bütün Texas qanunvericilərinə Azərbaycan xalqının yaşadığı faciənin tanınmasına insani dəyərlərə sadiqlik göstərdiklərinə görə dərin təşəkkürünü bildirir.