...

Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın vasitəçilik rolunu dəstəkləyir - Ketrin Eşton

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyul 2011 23:33 (UTC +04:00)
Avropa İtifaqı Rusiyanın və şəxsən prezident Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində vasitəçilik rolunu dəstəkləyir Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Strasburqda Avropa Parlamentinin plenar sessiyasında deyib.
Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın vasitəçilik rolunu dəstəkləyir - Ketrin Eşton

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir A.Əsgərov/

Avropa İtifaqı Rusiyanın və şəxsən prezident Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində vasitəçilik rolunu dəstəkləyir, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Strasburqda Avropa Parlamentinin plenar sessiyasında deyib.

Ketrin Eşton ATƏT-in Minsk qrupu həmsədrlərinin, eləcə də, əsas baza prinsiplərinin razılaşdırılmasında irəliləyişə nail olmaq istəyən tərəflərin fəaliyyətindən də danışıb. Onun fikrincə, baza prinsiplərinin əsasında razılaşdırılma formal sülh sazişinin hazırlanmasında ilk addımdır.

Eşton bildirib ki, prezidentlər Barak Obama, Dmitri Medvedev və Nikola Sarkozinin Dovil bəyanatı sülh razılaşmasının vaxtının çatdığına işarədir.

"İki ölkə arasında münasibətlər gərgindir. Həmsədrlər məni gördükləri işlər və qarşılaşdıqları çətinliklərlə bağlı məlumatlandırırlar", - Ketrin Eşton deyib.

Onun fikrincə, tərəflər ilin sonunadək razılaşma əldə etmək üçün səyləri ikiqat artırmalıdırlar.

Prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan iyunun 24-də Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər. Son üç il ərzində sayca doqquzuncu olan bu görüş nizamlamanın əsas prinsipləri üzrə razılaşma əldə olunmadan başa çatıb. Birgə bəyanatda tərəflər yalnız bu məqsədə doğru yolda irəliləyişin olduğunu qeyd ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti