...

Münaqişələrin real müstəqilliyə şərait yaradan tənzimləmə modellərinin Qafqazdakı sınaqları uğurlu olmayıb - Mübariz Əhmədoğlu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyul 2011 12:36 (UTC +04:00)
Kazan sammitinin nəticəsizliyi Ural dağlarından tutmuş Azərbaycanın şimal sərhədinədək ərazidə separatizmi alovlandıra bilər.
Münaqişələrin real müstəqilliyə şərait yaradan tənzimləmə modellərinin Qafqazdakı sınaqları uğurlu olmayıb - Mübariz Əhmədoğlu

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir M.Əliyev/

Kazan sammitinin nəticəsizliyi Ural dağlarından tutmuş Azərbaycanın şimal sərhədinədək ərazidə separatizmi alovlandıra bilər. Şimali Qafqazda alovlanmış separatizm odunun qısa müddət ərzində Azərbaycanın və Rusiyanın digər regionlarına keçməsi də tam mümkündür. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

"RF fövqəldövlət olduğu üçün onun idarəçiliyində və ya proseslərə reaksiya verməsində bəzən anlaşılmaz məqamlar olur. Amma bu anlaşılmaz məqamlar əslində çoxdan dərk edilmiş və ya qəbul edilmiş həqiqətlərdən ibarətdir. RF rəsmilərinin Qafqaz regionundakı münaqişələrin Rusiyaya təsirinə laqeyd qalmasından və ya dəstək verməsindən asılı olmayaraq, xüsusi xidmət orqanları tamam fərqli mövqedə dayanıblar. Hal-hazırda Qafqazda 3 belə nümunə var; Dağlıq Qarabağ münaqişəsini də əlavə etsək, dördüncü alınır. Ona görə də üç münaqişənin taleyi prizmasından Dağlıq Qarabağ ermənilərinin müstəqilliyinin perspektivinə baxmaq mümkündür. Cənubi Osetiya müstəqil deyil, ən azı, Şimali Osetiya faktoruna görə RF-nin tərkib hissəsidir. Ona görə də Cənubi Osetiyanın müstəqilliyi ilə bağlı deyilənlər, hətta Cənubi Osetiyanın rəhbərliyində effekt yaratmır", - politoloq bildirib.

Əhmədoğlu qeyd edib ki, Abxaziya Respublikasının real müstəqil dövlət qurmaq resursları var idi. Çünki abxazların böyük bir qismi Türkiyə ərazisində yaşayırdı.

"Türkiyədə yaşayan bir milyona yaxın abxazda müstəqil Abxaziya Respublikasına qarşı marağın yaranması doğrudan da bu qurumu müstəqil edə bilərdi. Sergey Baqapşın 6-7 illik prezidentliyi dövründə ilk dəfə olaraq Türkiyəyə səfər etməsi ona həyatı bahasına başa gəldi. Onun Moskvada xüsusi xidmət orqanlarının təşkil etdiyi ağlagəlməz tibbi metodla öldürüldüyünü iddia edən yazıların sayı artır. Abxaziyada RF tərəfindən nəzarət edilən müstəqillik olmalıdır", - o deyib.

Politoloqun sözlərinə görə, amma o da nəzərə alınmalıdır ki, RF xüsusi xidmət orqanları dəfələrlə Abxaziya rəhbərliyinin diqqətinə çatdırmışdılar ki, müstəqillikdən danışa bilərsiniz, amma özünüzü RF subyektlərindən birinin tərkib hissəsi kimi dərk etməlisiniz.

"Xasavyurd razılaşması zamanı da belə hadisələr baş verdi. General A.Lebed əvvəlcədən edilən xəbərdarlıqlara baxmayaraq, Çeçenistana müstəqillik verilməsinin əsasını qoyan razılaşmaya imza atdı. Prezident B.Yeltsinin şəxsi nümayəndəsi general A.Lebed bu imzalama mərasimindən 6-7 il sonra müəmmalı vertolyot qəzasında öldü. Təfərrüatı açıqlamağa ehtiyac yoxdur. Onun köməkçisi, Xasavyurd razılaşmasının əldə olunmasında yaxından iştirak etmiş digər general S.Xarlamov A.Lebeddən bir az sonra evinin qapısı ağzında qətlə yetirildi. Xasavyurd razılaşmasının ideya müəllifi, RF Təhlükəsizlik Şurasının o zamankı katibi B.Berezovski siyasi cəhətdən qətlə yetirilmiş kimidir. Çeçenistanın o vaxtkı prezidenti Z.Yandarbiyev və Xasavyurd razılaşmasına onun adından imza atmış, az sonra Çeçenistanın prezidenti olmuş A.Mashadovun taleləri məlumdur. Hətta Xasavyurd razılaşmasından məlumatlı sıravi çeçen və dağıstanlıların da taleyi qeyri-müəyyəndir", - Əhmədoğlu əlavə edib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Dağlıq Qarabağ ermənilərinə müstəqillik verəcəyi təqdirdə, Abxaziya və Xasavyurd razılaşmalarının taleyinin yaşanacağı istisna deyil.

"Hər halda Rusiyanın siyasi-hərbi elitasında olanların bu məsələni nəzərə alması çox vacibdir. Dağlıq Qarabağın müstəqilliyinə dəstək verən siyasətçilərin taleyinin necə olacağını heç kim deyə bilməz. Təbii ki, bu, ermənilərə aid deyil. Çünki ermənilərin düşüncə tərzi normallıqdan tamam fərqlidir. Ona görə də ölümə getsələr belə, Dağlıq Qarabağın müstəqilliyini arzulayacaqlar. Bəlkə də RF-də müəyyən qüvvələr Dağlıq Qarabağın müstəqilliyinə bu məqsədlə dəstək verirlər", - Əhmədoğlu deyib.

Xəbər lenti

Xəbər lenti