...

Dünya birliyi Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə etinasız yanaşmamalıdır - Prezident Administrasiyası

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Oktyabr 2011 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir M.Əliyev/

Rusiya, ABŞ, Fransa və ümumiyyətlə dünya birliyi Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə etinasız yanaşmamalıdır. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

"BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməməsi bir çox suallar meydana çıxarır və dünya siyasətində ikili standartların mövcud olduğunu önə çəkir. Ermənistan apardığı siyasətlə, danışıqlardan qaçmaqla status-kvonu qorumağa çalışır, lakin Azərbaycanın mövqeyi ondan ibarətdir ki, status-kvo davam etməyəcək", - Aslanov əlavə edib.

PA rəsmisi deyib ki, ABŞ, Rusiya və Fransa dövlət başçılarının, Avropa İttifaqı rəhbərliyinin bəyanatlarında da status-kvonun davam etməyəcəyi vurğulanır.

Onun sözlərinə görə, regionda Ermənistanın daha rasional, konstruktiv mövqe tutması üçün Ermənistana təzyiqlər daim artırılmalıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti