...

Yerevan sübut etməyə çalışır ki, Ermənistan ordusunda vəziyyət hazırda olduğundan daha yaxşıdır - Azərbaycan XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Noyabr 2011 20:11 (UTC +04:00)
Ermənistan ordudakı vəziyyətin reallıqdan daha yaxşı olduğunu sübut etməyə çalışmaqla özünü təmizə çıxarmaq istəyir.
Yerevan sübut etməyə çalışır ki, Ermənistan ordusunda vəziyyət hazırda olduğundan daha yaxşıdır - Azərbaycan XİN

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

Ermənistan ordudakı vəziyyətin reallıqdan daha yaxşı olduğunu sübut etməyə çalışmaqla özünü təmizə çıxarmaq istəyir. Bu barədə çərşənbə günü Trend-ə Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin mülahizələrini şərh edərkən Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev deyib.

XİN nümayəndəsinin sözlərinə görə, görünür ki, Azərbaycan Prezidenti İlham Əliyevin öz çıxışında Ermənistan ordusunun acınacaqlı vəziyyətini xeyli dəqiq xarakterizə etməsi Ermənistan tərəfinə toxunub.

"Bütün dünyanın gördüyü kimi, Azərbaycan Prezidenti haqlı olub və Ermənistan tərəfinin belə əsəbi reaksiyası göstərir ki, onlar neçənci dəfədir öz xalqını və dünya ictimaiyyətini yalnışlığa sövq etmək istəyirlər", - Abdullayev deyib.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Nazirlər Kabinetinin iclasında bəyan edib ki, son müddətdə həm Azərbaycanda, həm Ermənistanda keçirilən hərbi paradlar kimin kim olduğunu əyani şəkildə göstərdi.

"Çünki əgər o vaxta qədər onlar həmişə olduğu kimi, mifologiya hesabına, yaxud da ki, fantaziyalar hesabına kimi isə inandırmağa çalışırdılar ki, ən döyüşkən ordu Ermənistan ordusudur. Onların keçirdiyi dırnaqarası "hərbi parad"dan sonra hamı bildi ki, Ermənistan ordusu necə vəziyyətdədir, hansı acınacaqlı vəziyyətdədir", - dövlət başçısı deyib.

"Mən, yəqin ki, siz də, bütün ictimaiyyət də ilk dəfə görmüşük ki, hərbi texnika özü yeriyə bilmir, onları qoşqular, yük maşınları üzərində paraddan keçirib nümayiş etdirirdilər. Bunun bir neçə səbəbi ola bilər. Ya o texnika işləmir, nasaz vəziyyətdədir, ya orada yanacaq yoxdur, ya da ki, hər ikisi. Çox güman ki, hər iki amil burada rol oynamışdır. Bu parad bir daha onu göstərdi ki, Ermənistan müstəqil ölkə deyil, forpostdur", - İlham Əliyev əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti