...

Erməni tərəfi bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin təklifini alqışlayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Noyabr 2011 16:38 (UTC +04:00)
Erməni tərəfi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin təmas xəttində görüşün təşkili haqqında təklifini alqışlayır, lakin hələlik yekun razılaşma əldə olunmayıb.
Erməni tərəfi bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin təklifini alqışlayır

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Erməni tərəfi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin təmas xəttində görüşün təşkili haqqında təklifini alqışlayır, lakin hələlik yekun razılaşma əldə olunmayıb. Trend-in məlumatına görə, bu barədə NEWS.am agentliyinə Eçmiədzin kilsəsinin mətbuat xidmətinin rəhbəri Vaqram Məlikyan bildirib.

"Noyabrın 28-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin, Moskvanın və bütün Rusiyanın patriarxı və bütün ermənilərin katolikosu II Qareginin iştirak etdiyi regional dini liderlərin üçtərəfli görüşü zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsini nizamlanması məsələsinə toxunublar. Söhbət zamanı Azərbaycan tərəfdən növbəti görüşün təmas xəttində keçirilməsi barədə təklif irəli sürülüb. Erməni tərəfi bu təklifi alqışlayır", - Məlikyan deyib.

O, həmçinin Ermənistana səfəri zamanı Qafqaz müsəlmanlarının dini liderinin Yerevandakı Göy məscidə baş çəkməsi və orada ibadət etməsi barədə məlumatı təsdiqləyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti