Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bazar ertəsi ATƏT-in fəaliyyətini başa vurmuş həmsədri Bernar Fasyeni qəbul edib. İdarənin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bazar ertəsi Trend-ə deyib ki, Paşazadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində göstərdiyi səylərə görə Fasyeyə təşəkkürünü bildirib.
Fasye isə Paşazadənin nüfuzlu bir din xadimi kimi dünya miqyasında dinlərarası dialoqun işinə öz töhfəsini verdiyini söyləyib.
Paşazadəni tanınmış bir şəxsiyyət kimi tanıdığını deyən həmsədr bildirib ki, o, Şeyxülislamın fəaliyyətini dünyada, o cümlədən Qafqazda sülh yaratma prosesinə hər zaman öz yardımını əsirgəməyən dini rəhbər kimi yüksək qiymətləndirir.
Fasye qeyd edib ki, Şeyxülislam haqqında xoş sözlərini, onun fəaliyyəti haqqında müsbət fikirlərini yüksək səviyyəli görüşlərdə hər zaman səsləndirib. O, bundan sonra hər hansı postda çalışmasına baxmayaraq, Allahşükür Paşazadənin sülh yaratma yönümdəki fəaliyyətinə yüksək dəstək verəcəyini söyləyib.
Fasye Paşazadənin potensialından istifadə edilməsini də vacib sayıb.