Azərbaycan, Bakı, 8 may /Trend, müxbir E.Mehdiyev/
Bu gün Şuşa şəhər İcra Hakimiyyətində Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən hümanitar və ictimai elmlər sahəsində məqsədli qrantların verilməsi üzrə 2012-ci il üçün 1-ci beynəlxalq xarakterli "Şuşa qrantı" adlı beynəlxalq müsabiqənin təqdimat mərasimi keçirilib.
Trend-in məlumatına görə, tədbirdə çıxış edən Şuşa şəhər İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov xatırladıb ki, ermənilər 20 il bundan əvvəl Azərbaycanın gözəl guşəsi olan Şuşanı işğal ediblər.
"Biz bu işğalın dünyada tanıdılması istiqamətində müxtəlif tədbirlər görürük. Belə tədbirlərdən biri də bu gün elan olunur", - Səfərov əlavə edib.
"Şuşa qrantı" müsabiqəsinin əhəmiyyətinə toxunan Səfərov deyib ki, bu müsabiqə çoxdan olmalı idi.
"Həqiqətən şuşalıların bu müsabiqəyə ehtiyacı var", - icma rəhbəri deyib.
Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev müsabiqəni elan edərək bildirib ki, bu layihənin məhz bu gün elan olunması məqsədli xarakter daşıyır.
"Çünki bu gün Şuşanın işğalından 20 il ötür. Bu müsabiqə vasitəsilə erməni işğalı, Şuşanın tarixi, etnoqrafiyası, memarlığı, arxeologiyası, qeyri-maddi və mədəni nümunələri ilə bağlı dolğun və obyektiv məlumatlar dünyaya çatdırılacaq. Bu qrant üzrə əsas layihələr dəstəklənəcək, Qarabağ və Şuşanın tarixi ilə bağlı ölkədə və xaricdə tədbirlər təşkil olunacaq, tədqiqatlar aparılacaq, kitablar nəşr olunacaq", - Babayev əlavə edib.
Babayev bildirib ki, layihənin ümumi məbləği 150 min manat təşkil edir.
"Beynəlxalq əməkdaşlıq çərçivəsində təqdim olunan layihələrə seçim zamanı üstünlük veriləcək. Müsabiqə mayın 8-də elan olunub, mayın 10-da isə sənədlərin qəbuluna başlanılacaq. Müsabiqənin Şuşa şəhər İcra Hakimiyyətinin binasında elan olunması xüsusi rəmzi məna daşıyır", - Fondun icraçı direktoru bildirib.
Milli Məclisin Dağlıq Qarabağdan seçilmiş deputatı Elman Məmmədov isə deyib ki, sözügedən qrantın elan olunması Azərbaycan Prezidentinin Qarabağ tarixinə verdiyi ən böyük töhfələrdən biridir.
"Bu, Azərbaycanı Qarabağla bağlı qələbəyə yaxınlaşdıran amillərdən biri olacaq", - deputat əlavə edib.