...

BMT-nin dövri nəşrində Şuşa haqqında məqalə dərc olunub (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyun 2012 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir M.Əliyev/

BMT 10 minlik tirajla çap edilən ən nüfuzlu dövri nəşri olan "UN Special" jurnalında Azərbaycanın Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Murad Nəcəfbəylinin "Şuşa. Azərbaycan mədəniyyətinin məbədi" adlı məqaləsi dərc olunub.

İsveçrədə böyük oxucu kütləsi və yüksək nüfuza malik "UN Special" dərgisində dərc olunmuş məqalədə çoxmədəniyyətli müxtəlifliyə malik ölkə kimi Azərbaycanın ərazisinin xalqımızın zəngin tarixi və mədəni irsini əks etdirdiyi qeyd edilib. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyindən məlumat verilib.

Məqalədə XVIII əsrin ortalarında əsası qoyulmuş və qısa zaman ərzində Azərbaycanın Qarabağ xanlığının mərkəzi olan Şuşa qala-şəhərinin tarixi və abidələri haqqında məlumat verilib.

"UN Special" jurnalında Şuşa şəhərinin Azərbaycan xalqının iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynadığı, milli-mənəvi dəyərlərimizi, musiqi ənənələrimizi əks etdirdiyi diqqətə çatdırılaraq, Şuşanın nəinki nadir abidələr şəhəri, eləcə də Qasım bəy Zakir, Mir Möhsün Nəvvab, Xurşidbanu Natəvan, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Üzeyir Hacıbəyli kimi çoxlu sayda yazıçı, şair və musiqiçinin vətəni olduğu bildirilib.

Məqalədə daha sonra Azərbaycan muğamının beşiyi hesab olunan Şuşanın XIX əsrdə "Qafqazın Konservatoriyası" adlandırıldığı qeyd olunub və bu şəhərdə yaşayıb yaratmış Azərbaycan musiqisinin görkəmli nümayəndələri - Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Bülbül, eləcə də Üzeyir Hacıbəylinin yaradıcılığı haqqında məlumat verilib.

"Şuşa. Azərbaycan mədəniyyətinin məbədi" adlı məqalədə 1970-1980-cı illərdə Şuşada yeni mədəni və incəsənət abidələrinin, o cümlədən ikimərtəbəli mineral su qalereyası, M.P.Vaqifin mavzoleyi, M.M.Nəvvab və Ü.Hacıbəylinin abidələri, bir sıra Azərbaycan şairlərinin büstlərinin ucaldığı bildirilib, bu şəhərin ölkəmizin tarixi və mədəniyyətində əvəzsiz rolunu nəzərə alaraq, onun mədəni irsinin hər zaman Azərbaycan xalqının və hökumətinin diqqət mərkəzində olduğu qeyd edilib. Məqalədə Şuşa şəhərində yerləşən XIX əsr Saatlı məscidinin tavanı, şəhərin yuxarıdan görünüşü və xalq yaradıcılığına dair fotoşəkillər yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti